2017-ci il ərzində Azərbaycan dünya, Avropa çempionat və birinciliklərində, kubok yarışlarında 851 medal qazanıb. Trend-in məlumatına görə, bunu gənclər və idman naziri Azad Rəhimov deyib.
Nazir bildirib ki, bu yarışlarda idmançılarımız 347 qızıl, 236 gümüş və 268 bürünc medal əldə ediblər.
O qeyd edib ki, ölkədə 219 respublika yarışı təşkil edilib, 55 beynəlxalq yarış keçirilib, 234 beynəlxalq yarışda ölkə yığma komandalarının iştirakı təmin olunub:.
Nazir həmçinin qeyd edib ki, 2017-ci ilin ikinci yarısında təkcə rəsmi yarışlarda 48 qızıl, 38 gümüş və 56 bürünc medal qazanılıb.
“Şirvan şəhərində Gənclər evinin, Abşeron və Ağcabədi rayonlarında Olimpiya İdman Komplekslərinin tikintisi başa çatdırılıb və bu obyektlər istifadəyə verilib.” Bunu da gənclər və idman naziri Azad Rəhimov deyib.
Nazir bildirib ki, Lənkəran rayonunda Olimpiya İdman Kompleksinin yenidən qurulması işləri isə davam edir.
O qeyd edib ki, Qala qəsəbəsində və Yardımlı rayonunda İdman Kompleksləri, Tərtər, Neftçala və Goranboy rayonlarında Olimpiya İdman Kompleksləri, Bakı şəhərində Olimpiya Hərəkatı və İdman Muzeyi, Şəki, Quba, Bərdə və Şamaxı rayonlarında Gənclər evləri, Buzovna, Türkan, Qobustan, Qaraçuxur və Bülbülə qəsəbələrində isə idman zalları inşa olunur.