Ramil Həsənov: ”Mən yarışın nəticələrini məqbul hesab edirəm”
Dekabrın 17-də paytaxtın idman zallarından birində taekvondo idman növü üzrə klublararası yoldaşlıq görüşü keçirilib. “Qala” Taekvondo Klubunun təşkilatçılığı ilə keçirilən yarışda “Zenit” Taekvondo Klubu, “Qafqaz” Taekvondo Klubu, “Zirvə” Taekvondo Klubu, 2 saylı “Gömrükçü” Taekvondo Klubu Masallı və eləcə də “Qala” Taekvondo Klubunun üzvləri də daxil olmaqla120 idmançı mübarizə aparıb.
“Qala” Taekvondo Klubunun rəhbəri, 4 dan qara kəmər ustası, 1-ci dərəcəli məşqçi Ramil Həsənov bizimlə söhbətində bildirdi ki, uşaq, yeniyetmə və gənc taekvondoçular arasında yarış gərgin mübarizə şəraitində keçib:”Uşaqlar yarışa çox böyük həvəslə qatılmışdı. Mən yarışın nəticələrini məqbul hesab edirəm. Ümumiyyətlə, klublararası yoldaşlıq görüşlərinin keçirilməsi olduqca vacibdir və bunun taekvandoçuların yetişməsində rolu danılmazdı. Mütamadi olaraq klublar tərəfinfən yoldaşlıq görüşləri keçirilir. Bu da uşaq, yeniyetmə və gənclərin idmana bağlanmasında, daha əzmkarlıqla döyüşməsində, eləcə də onların psixoloji-fiziki hazırlığında əvəzsiz rola malikdir. Görüşdə “Qala” Taekvondo klubundan 60 idmançı iştirak edirdi və qaliblərimizin sayı çoxdur. Yarışın sonunda mükafatçılar sırasında yer alan idmançılara bizim təşkilat tərəfindən diplom və medallar təqdim olundu. Dekabrın 24-də növbəti yoldaşlıq görüşü keçiriləcək. Bu görüşün təşkilatçısı isə “Gömrükçü” Taekvondo Klubudur”.
Qeyd edək ki, “Qala” Taekvando klubunun idmançılarından Fatma İsmayılova, Mirnadir Cabbarov, Mircəfər Cabbarov, Məhəmməd Ağayev, Emil Qurbanlı, Elmin Dəmirli və başqaları 1-ci yer, Vüqar Zeynallı, Sadıq Rüstəmov, Xanmurad Süleymanov, Əlisəfa Cahangirov 2-ci, Əsgər Həsən, Kənan Yusifov, Süleyman Hüseynli, Elmir Cahangirli, Ələkbər Qocayev, Qasım Mirzəzadə, Renat Kərimov, Aysu İsmayılov və başqaları 3-cü yerin qalibi olub.
İradə SARIYEVA