Dekabrın 7-dən 9-dək əlbəyaxa döyüş üzrə daxili işlər orqanlarının birinciliyi keçirilib.
Açılış mərasimində çıxış edən DİN İdman Cəmiyyətinin sədri, Olimpiya, dünya vəAvropa çempionu, polis polkovniki Zemfira Meftahetdinova bildirib ki, Azərbaycan Respublikası bu gün öz tarixinin çox şərəfli, böyük irəliləyişlər, inkişaf və tərəqqi dövrünü yaşamaqdadır.
Daha sonra İdman Cəmiyyətinin sədr müavini, polis polkovniki Elçin Rüstəmov yarışın qaydaları barədə iştirakçıları və komanda rəhbərlərini məlumatlandırıb.
Böyük tamaşaçı kütləsinin maraqla gözlədiyi yarışda idmançılar əvvəlcə nümunəvi çıxışlar göstəriblər. Sonra tam kontakt əlbəyaxa döyüş növləri üzrə turnirə start verilib.
DİN İdman Cəmiyyətində keçirilən bu yarışda ərazi polis orqanları, nizami hissə və tədris müəssisələrini təmsil edən ümumilikdə 10 komandadan olan 80 idmançı tatami üzərinə çıxıb.
Gərgin keçən yarışlarda mübarizə aparan iştirakçılar arasında qaliblər müəyyənləşib. Komanda olaraq ilk üçlükdə DİN Daxili Qoşunlarının Baş İdarəsi, Sumqayıt ŞPİ və Bakı şəhər Baş Polis İdarəsinin əməkdaşları qərarlaşıb.
Müvafiq olaraq öz çəki dərəcələrində güclərini sınayan Nurlan Hacıyev (65 kq, DİN DQBİ), Natiq Allahyarov (70 kq, DQBİ), Ənvər Nəhmətov (75 kq, Bakı Şəhər BPİ), Tural Süleymanov (80 kq, DİN DQBİ),Müşviq Hüseynov (85 kq, DQBİ), Tural Bayramov (90 kq, BDYPİ), Anar Həşimov (+90, Sumqayıt ŞPİ) yarışın baş mükafatını qazanaraq çempion olublar.
Yarışların idarə olunmasında polis polkovnik-leytenantları Elnur Həsənov və Seymur Qurbanbəyli iştirak edib.
Mükafatlandırma mərasimində çıxış edən DİN İdman Cəmiyyətinin İdmanın təşkili bölməsinin rəisi, polis polkovnik-leytenantı Mülayim Xıdırov əməkdaşların hazırlıq səviyyəsinin yüksək olmasını, polis idmançılarımızın ildən-ilə təcrübələrinin artırdığını diqqətə çatdırıb. O bildirib ki, keçirilən turnirin qalibləri hər il Qazaxıstanda baş tutan MDB dövlətlərinin daxili işlər orqanlarının əməkdaşları arasında keçiriləcək əlbəyaxa döyüş üzrə çempionata vəsiqə qazanıb.
Sonda qaliblərə medallar, diplomlar və qiymətli hədiyyələr təqdim olunub.
Zeyni HÜSEYNOV DİN Mətbuat Xidmətinin əməkdaşı