Milli Məclisdə Azərbaycan - Türkiyə Parlamentlərarası dostluq qrupunun növbəti görüşü keçirilib. Dostluq qrupunun rəhbəri, millət vəkili, akademik Əhliman Əmiraslanov ölkəmizdə işgüzar səfərdə olan Türkiyə Böyük Millət Məclisinin Xarici Əlaqələr Komissiyasının üzvlərindən ibarət nümayəndə heyətini qəbul edib.
Görüşün əvvəlində akademik Əhliman Əmiraslanov qonaqları salamlayaraq, bu il hər iki qardaş ölkənin ictimai-siyasi həyatında baş vermiş ən önəmli hadisə olan prezident seçkilərindən və seçkilərdə hər iki ölkənin nümayəndələrinin qarşılıqlı fəal iştirakından bəhs edib. Daha sonra görüş iştirakçıları Azərbaycan və Türkiyə hökumətləri, eyni zamanda Azərbaycan - Türkiyə Parlamentlərarası dostluq qrupunun fəaliyyəti barədə və ümumiyyətlə, xalqlarımız arasındakı dostluq-qardaşlıq münasibətləri, bütün sahələrdə sıx və səmərəli əməkdaşlıq kimi məsələlər ətrafında geniş fikir mübadiləsi aparıb.
Sonda hər bir görüş iştirakçısı bundan sonra da ölkələrimiz arasındakı əlaqələrin, çoxşaxəli əməkdaşlığın və səmərəli fəaliyyətin daha da inkişafı naminə səylərini əsirgəməyəcəklərini bildirib.
Görüşdə Türkiyə nümayəndə heyətinin tərkibində Böyük Millət Məclisinin Xarici əlaqələr komissiyasının sədri Volkan Bozkır və komissiya üzvləri Ali Şahin, Mustafa Canbey, Ünal Çeviköz, Kamil Aydın, Aydın Sezgin və Türkiyənin Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri Erkan Özoral, Azərbaycan tərəfindən isə Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov, millət vəkilləri Kamilə Əliyeva, İlham Məmmədov, Məlahət İbrahimqızı, Rəşad Mahmudov və Şəmsəddin Hacıyev iştirak edib.
Baki-xeber.com