Işğalçı erməni ordusu Bakının azad edilməsinin yüz illik yubiley tədbirlərində də işğalçılıq planlarının davamı olan atəşkəs pozuntusundan və Tovuzda mülki əhaliyə hücum etməkdən özünü saxlaya bilmədi. Sentyabrın 15-də Ermənistan ordusunun Azərbaycanın bir neçə sərhəd bölgəsinin dinc sakinlərinə divan tutmaq əməliyyatının başqa cür izahı yoxdur.
Bu sözləri baki-xeber.com-a eyniadlı qəzetin və saytın Baş redaktoru Aydın Quliyev Ermənistanın Bakıda keçirilən yüzillik tədbirlərinə aqressiv reaksiyasını şərh edərkən deyib. Baş redaktorun fikrincə, bu son baş verənlərlə Ermənistanın bugünkü rəhbərliyi təcavüz siyasətindən heç bir halda geri durmaq istəmədiyini bir daha göstərmiş oldu:”Özünü dünyaya demokratik hakimiyyət kimi sırımaq istəyən Paşinyan hakimiyyəti regional sülhə təhdid mənbəyi olduğunu 15 sentyabrdakı atəşkəs pozuntusu ilə aydın nümayiş etdirir. Məhz sentyabrın 15-də Ermənistan ordusunun atəşkəsi intensiv pozaraq dinc azərbaycanlılara ziyanlar vurması xüsusi məna kəsb edir. Bu o deməkdir ki, indiki Ermənistan hakimiyyəti yüz il əvvəl Bakının azad edilməsi ilə barışa bilmir və Nuru paşanın əsgərlərinin qanı hesabına bolşevik-daşnak planlarının pozulmasını həzm etmək istəmir. Görünən budur ki, Paşinyanin tarixdən az-çox xəbəri var və Bakının azad edilməsi ilə yüz il əvvəl daşnak-erməni planlarına hansı sarsıdıcı zərbələrin endirildiyini yaxşi bilir”.
Aydın Quliyev onu da dedi ki, ancaq ermənilər yüz il əvvəl də dəqiq plan qura bilməmişdilər, bugünkü atəşkəs pozuntusu ilə də sərrast plana malik olmadıqlarını büruzə verirlər:”Yüz il əvvəl Rəsulzadə-Ənvər paşa tandemi erməni-bolşevik cütlüyünün Bakı barədə gizli sövdələşməsini iflasa uğratdı, 1992-ci ildə Heydər Əliyev-Süleyman Dəmirəl anlaşması ermənilərin Naxçıvan planlarını alt-üst etdi, 2003-cü ildən indiyədək davam edən İlham Əliyev-Ərdoğan tandeminin neçə-neçə ifrat erməni planlarını ifşa etdiyi çoxdan ən müasir tariximizin yaddaşına yazılıb. Müasir Ermənistan rəhbərliyi öz təcavüzkar planlarına nə qədər bağlanırsa, Türkiyə-Azərbaycan qardaşlığı bir o qədər möhkəmlənir. Paşinyan hakimiyyəti sentyabrın 15-dəki atəşkəs pozuntusu ilə məhz bu prosesi heç olmasa yavaşıtmağa cəhd göstərdi, ancaq uğursuz oldu”.
Baki-xeber.com