` “Bakının işğaldan azad olunmasının 100 illiyi ilə bağlı keçirilən parad Azərbaycanın hərbi potensialının nə qədər böyük olduğunun göstəricisidir”
Sentyabrın 15-də Bakının azad edilməsinin 100 illiyi münasibətilə Bakıda Azərbaycan Ordusunun qüdrəti bir daha nümayiş olundu. Məlum olduğu kimi, 1918-ci il sentyabrın 15-də Bakı şəhərinin Qafqaz İslam Ordusunun köməyilə erməni-bolşevik quldur dəstələrinin əsarətindən azad olunması Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biridir. Bakının azad olunması həm də Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı zəminində müstəsna əhəmiyyət daşıyan böyük hadisədir.
Bu gün keçirilən paradda Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan iştirak edib. Paraddan sonra Türkiyə Hərbi Hava Qüvvələrinin məşhur aviaqrupu – “Türk ulduzları” Bakı səmasında uçuş ediblər.
Bakıda keçirilən möhtəşəm parad haqqında fikir bildirən “İki Sahil” qəzetinin baş redaktoru, Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü Vüqar Rəhimzadə “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, Bakının azad olunmasının 100 illiyi ilə bağlı keçirilən parad Azərbaycanın iqtisadi, siyasi nüfüzunu dünyaya nümayiş etdirdi. Həm Silahlı Qüvvələrin, həm də Bakının işğaldan azad olunmasının 100 illiyi ilə bağlı keçirilən parad Azərbaycanın hərbi potensialının nə qədər böyük olduğunun göstəricisidir: “Hesab edirəm ki, Azərbaycan bu sahə ilə bağlı qətiyyətli mövqeyini ortaya qoydu. Keçirilən parad müqayisə olunacaq dərəcədə bizə şans yaratdı. Bu gün keçirilən paradla 10-20 il öncə keçirilən paradın arasında nə qədər fərqin olduğu bir daha bəlli oldu. Eyni zamanda, Azərbaycan Ordusunun nə dərəcədə qüdrətli olduğu hər kəsə bəyan oldu”.
Həmsöhbətimizin sözlərinə görə, hər bir Azərbaycan vətəndaşı bu parada görə qürur hissi keçirir.
Günel CƏLİLOVA