“Ölkədə elektron xidmətlərdən istifadə genişlənərsə...”
Yeni şəxsiyyət vəsiqələrinin verilməsi üçün infrastrukturun sınaqları başa çatdırılıb.
Belə ki, layihəyə yaxın mənbədən mətbuata verilən məlumata görə, infrastruktur tamamilə hazırdır və yeni vəsiqələrin verilməsi sentyabr ayından başlayacaq. Yeni şəxsiyyət vəsiqələri ölkə vətəndaşlarına kütləvi şəkildə deyil, mərhələlərlə veriləcək.
O da məlum olub ki, yeni nəsil şəxsiyyət vəsiqələri təhlükəsizlik nöqteyi-nəzərindən köhnə vəsiqələrdən daha üstün olacaq. Bu vəsiqələrə vətəndaşın yaşayış yeri üzrə qeydiyyatı, ailə vəziyyəti haqqında məlumatlar, habelə şəxsiyyət vəsiqəsi sahibinin biometrik fotosu və digər fərdi göstəriciləri özündə birləşdirən elektron daşıyıcı (çip) yerləşdiriləcək. Bu vəsiqələr digər ölkələrin müvafiq orqanları ilə biometrik informasiya mübadiləsinin tənzimlənməsində müstəsna əhəmiyyət kəsb edəcək.
Onu da qeyd edək ki, bundan əvvəl yeni nəsil şəxsiyyət vəsiqələrinin 2019-cu il yanvarın 1-dən verilməsi planlaşdırılırdı. Ancaq göründüyü kimi, bu istiqamətdə görülən işlərin başa çatdırılması vəsiqələrin bu ilin sentyabrından başlayaraq verilməsinə şərait yaradıb.
Bütün bu deyilənlərin fonunda maraqlıdır, köhnə və yeni vəsiqələri müqayisə edərkən daha hansı yeni üstünlüklər olacaq? Ekspertlərin bununla bağlı fikirləri nədən ibarətdir?
Məsələyə aydınlıq gətirən ekspert Rəsul Cahangirlinin sözlərinə görə, yeni vəsiqələrin bir sıra üstünlükləri olacaq: “Əvvəla, yeni vəsiqələr beynəlxalq standartlara uyğun olduğu üçün ümumən bir sıra funksiyalara malik olacaq. Bu da imkan verəcək ki, vətəndaşlar bundan faydalansınlar. Bir sıra inkişaf etmiş lkələrdə bu belədir. Məsələn, vəsiqələrin üzərində elektron imza sertifikatı olacaq. Sözügedən sertifikat vətəndaşın istəyinə əsasən aktivləşdiriləcək və müddəti 5 il olacaq. Bununla yanaşı, yeni vəsiqələr dövriyyəyə buraxıldıqdan sonra ölkədə elektron xidmətlərdən istifadənin genişlənəcəyi gözlənilir. Bir sözlə, bunun sayəsində ölkədə elektron xidmətlərdən istifadə genişlənəcək. Hesab edirəm ki, bu çöx önəmli faktordur. Məsələ ondadır ki, yeni nəsil şəxsiyyət vəsiqələrinə sahib olan vətəndaş heç bir quruma getmədən öz əməliyyatlarını həyata keçirə biləcək. Məsələn, abituriyentlər məktəbi bitirib universitetə daxil olarkən real praktikada müəyyən kağız sənədlər formalaşır ki, bunlar da universitetlərə təqdim olunmalıdır. Bu sistemlər tam formalaşdıqdan sonra universitetlərə getmədən belə sistem üzərindən şəxsiyyət vəsiqəsi üzərindəki "elektron imza" vasitəsilə müvafiq qurumlara təqdim oluna biləcək. Fikrimcə, bu çox önəmli üstünlüklərdən biridir. Bundan başqa, qanunvericiliklə 10-15 yaşına qədər olan vətəndaşların imza qoymaq səlahiyyəti olmadığından, bu yaş qrupundan olan vətəndaşlar üçün autentifikasiya sertifikatları yazılacaq. O yaşdan yuxarı vətəndaşlarımız üçün isə həm imza, həm də autentifikasiya sertifikatı tətbiq olunacaq. Çünki sənədlərin imzalanması üçün imza sertifikatları tələb olunur, şəxsi kimliyin informasiya sistemlərində tanınması üçün isə autentifikasiya sertifikatları vacibdir. Bunun üçün də hər iki sertifikat çipdə öz əksini tapacaq. Həmçinin, yeni vəsiqələrdə tətbiq olunacaq elektron imzaların digər dövlətlərdə tanınmasına da şərait yaranacaq. Hesab edirəm ki, bunun özü də mühüm üstünlüklərdən biridir. O baxımdan bu və digər məsələlər ölkə vətəndaşlarının xeyrinə olacaq”.
Vidadi ORDAHALLI