Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun Azərbaycan Milli Platforması Ermənistanın Azərbaycana Tovuz rayonu istiqamətindən hücumu ilə bağlı bəyanat yayıb.
Baki-xeber.com-un xəbərinə görə, bəyanatda deyilir:
12 iyul 2020-ci il tarixindən etibarən Ermənistan silahlı qüvvələri dünyanın üzləşdiyi koronavirus pandemiyasına məhəl qoymadan Ermənistan-Azərbaycan sərhədi boyunca atəşkəs rejimini pozaraq, Tovuz rayonunu ağır artilleriya qurğuları ilə atəşə tutublar. Atəşkəs rejiminin pozulması nəticəsində 76 yaşlı Tovuz rayonu sakini mülki şəxs Əziz Əzizov dünyasını dəyişib və sərhəd boyunca bir çox yaşayış binası zərər görüb. Eyni zamanda Azərbaycanın ərazi bütövlüyünün və Tovuz rayonunda yaşayan dinc əhalinin qorunması uğrunda 12 Azərbaycan Silahlı Qüvvələrinin hərbiçisi şəhid olub. Son 30 il ərzində Ermənistanın Azərbaycana qarşı yönələn işğalçı siyasəti nəticəsində Dağlıq Qarabağı və onun ətrafında yerləşən 7 rayonu ələ keçirmiş, 20000 artıq vətəndaşı amansızlıqla qətlə yetirmişdir. Bu münaqişə nəticəsində 1 milyondan artıq qaçqın və məcburi köçkün hələ də doğma yurdlarına qayıda bilmir. Azərbaycan bu illər ərzində münaqişələrin sülh yolu ilə həllinin tərəfdarı olsa da, qarşı tərəf beynəlxalq hüquq və prinsiplərə məhəl qoymadan, BMT Təhlükəsizlik Şurasının qətnamələrini, beynəlxalq təşkilatların çağırışlarını dinləmədən atəşkəs rejimini dəfələrlə pozub və mülki şəxslərə zərər yetirib. Ermənistan bu addımı ilə dünya ictimaiyyətinə Azərbaycana qarşı yönəldilən hərbi təcavüzü və etnik təmizləmə siyasətinini davam etmək niyyətində olduğunu açıq şəkildə çatdırır. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh və qarşılıqlı anlaşma əsasında həll olunması həm də Qafqaz regionunda yaranan sosial, iqtisadi və humanitar problemlərin aradan qaldırılmasına töhfə verəcək. Biz, Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun Azərbaycan Milli Platforması adından beynəlxalq təşkilatları, ATƏT-in Minsk Qrupunun həmsədrlərini və BMT-nin sülhməramlı təşkilatlarını Azərbaycanın ərazi bütövlüyünün qorunması üçün açıq mövqe sərgiləməyə və Ermənistanın işğalçı siyasətini qəti şəkildə qınamağa çağırırıq!