Türkiyə Liviyadakı türk şirkətlərinin təhlükəsizliyini təmin etmək üçün Suriya Milli Ordusunun (SMO) əsgərlərini Tripoliyə göndərəcək. Baki-xeber.com xəbər verir ki, bu barədə Reuters xəbər agentliyi məlumat yayıb.
Dörd mənbə, Türkiyənin Tripoli hökumətinə planlaşdırılan hərbi dəstəyin bir hissəsi olaraq müttəfiq suriyalı döyüşçülərin Liviyaya göndərilməsini nəzərdən keçirdiyini deyib. Reuters-ə açıqlama verən iki yüksək səviyyəli Türkiyə rəsmisi və iki təhlükəsizlik işçisi, SMO əsgərlərinin Liviyaya göndərilməsinin müzakirə edildiyini və bu barədə razılaşma əldə olunduğunu söyləyib. Ancaq rəsmilər ölkəyə neçə əsgərin göndəriləcəyini açıqlamayıb.
Agentliyə açıqlama verən Suriya Milli Ordusundan bir qaynaq isə, Türkiyə ilə Liviyaya əsgər göndərilməsi mövzusunda müəyyən şərtlərdə anlaşıldığını, suriyalı müxalif döyüşçülərin türk təhlükəsizlik şirkətlərini maaş qarşılığında qoruyacağını qeyd edib.
Adlarının açıqlanmasını istəməyən mənbələr Türkiyənin hələ ki, heç bir suriyalı döyüşçünü Liviyaya göndərmədiyini bildirib.
Türkiyənin dəstəklədiyi Suriya döyüşçüləri oktyabr ayında Türkiyə ordusunun ölkənin şimal-şərqindəki kürd qüvvələrinə qarşı savaşda yardım edib. Ankara eləcə də Suriyanın şimal-qərbindəki İdlib əyalətində 9 ilə yaxındır gedən vətəndaş müharibəsində döyüşən üsyançılara dəstək verir.
Misir, Rusiya, Birləşmiş Ərəb Əmirlikləri və İordaniyanın dəstəklədiyi general Haftarın qoşunları paytaxt Tripolinin mərkəzini ələ keçirə bilməsələr də, son həftələrdə xarici hərbi dəstək sayəsində kiçik irəliləyişlərə nail olublar.
Xatırladaq ki, Liviya ilə Türkiyə arasında 27 noyabr 2019-cu ildə İstanbulda “Şərqi Aralıq dənizinin nəzarət sahələrinin razılaşdırılması”, eləcə də "Təhlükəsizlik və hərbi əməkdaşlıq" memorandumu imzalanıb.
Memorandum imzalandıqdan sonra Prezident Rəcəb Tayyib Ərdoğan Tripoli hökumətinin istəyi olacağı təqdirdə Ankaranın Liviyaya hərbi qüvvə göndərməsi barədə düşünəcəyini açıqlayıb. Bir neçə gün əvvəl isə Tripolidə qərarlaşan Faiz Sərracın rəhbərlik etdiyi Milli Birlik Hökuməti Türkiyədən quru, hava və dənizdə hərbi dəstək istəyib.