Aralarında gərginliyin heç bitmədiyi Tehran və Vaşinqton yaşanan son hadisələrlə yenidən dünya gündəminə gəlib. Baki-xeber.com xəbər verir ki, ABŞ İraq və Suriyada İrana yaxınlığı ilə tanınan Ketaib Hizbullah (KH) təşkilatına aid 5 hədəfi bombalayıb.
Hücumlar nəticəsində 25 nəfər ölüb, 51 nəfər yaralanıb.
ABŞ dövlət katibi Mayk Pompeo, İraqdakı koalisiya qüvvələrinə aid bazaya hücumun ardından ABŞ-ın hava zərbələrini İrana "dəqiq cavab" kimi xarakterizə edib. Dövlət katibi Pentaqon rəhbəri Mark Esperlə keçirdiyi mətbuat konfransında, bənzər hadisələr təkrarlanacağı halda, hərbi cavab verməkdən çəkinməyəcəklərini deyib. Pompeo, ABŞ-ın bölgədəki maraqlarını qorumaq üçün "əlavə addımlar" ata biləcəyini də söyləyib.
Hücumdan sonra İraq Hizbullahı ABŞ-la müharibənin mümkün variantlardan biri olduğu və buna hazırlaşdıqlarını bəyan edib.
İran Xarici İşlər Nazirliyi iaə hücumu "terror aktı" kimi dəyərlədirib: "Bu hücumlarla ABŞ terrorizmə güclü dəstək verdi və İraq və Suriyanın suverenliyinə məhəl qoymadı. Bu qanunsuz bir addımdır və ABŞ bunun nəticələrinə görə məsuliyyəti öz üzərinə götürməlidir".
İranın Xarici İşlər naziri Məhəmməd Cevat Zərif ABŞ-ın özünü müdafiə adı ilə bölgəni qana boyadığını deyib.
Kremlin sözçüsü Dmitri Peskov Vaşinqtonun İraq və Suriyada 5 hədəfə hücum barədə Moskvaya məlumat vermədiyini söyləyib: "Terrorçuların zərərsizləşdirilməsi istiqamətində bütün hücumlar müsbət qiymətləndirilir. Ancaq digər tərəfdən qeyri-sabitliyə səbəb olan hər hansı bir addım mənfi qiymətləndirilir".