Rusiya səsdən iti (hipersonik), nüvə başlığı daşıya bilən yeni raketlərinin yerləşdirildiyini ilk dəfə rəsmən bəyan edib.
Baki-xeber.com xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumatda nazir Sergey Şoyqunun yerləşdirmə ilə bağlı Prezident Vladimir Putini məlumatlandırdığı bildirilir. Lakin hipersonik raketlərin harada yerləşdirildiyi açıqlanmır.
"Avangard" adı verilən yeni hipersonik raket üzərinə yerləşdirilən qitələrarası ballistik raketin sürətini səs sürətinin 27 qatına çıxara bilir.
Prezident Vladimir Putin, yeni tip silahın yeni və yaxın tariximizdə analoqu olmadığını deyərək, bu hadisənin SSRİ-nin 1957-ci ildə kosmosa ilk dəfə peyk göndərməsinə bərabər olduğunu bildirib.
Rusiyanın yeni nəsil nüvə silahlarının dünyada demək olar, bütün nöqtələri vura biləcəyini vurğulayan Putin, ABŞ istehsalı hər hansı hava hücumundan müdafiə sisteminin də bu silahlara əngəl ola bilməyəcəyini deyib.
Putin "Avangard" sisteminin, mövcud olan və gələcəkdə hazırlanacaq bütün raketdən müdafiə sistemlərini aşa biləcək gücdə olduğunu söyləyib.
“Bu gün yeni və yaxın tariximizdə bənzəri olmayan bir duruma sahibik. Digər ölkələr bizə çatmağa çalışır. Tək bir ölkə belə qitələrarası mənzilə sahib səsdən sürətli silahlar bir yana qalsın, səsdən sürətli silahlara belə sahib deyil” – Putin bildirib.