ABŞ-la Rusiya arasında gərginlik təhlükəli həddə çatıb. Bunu keçmiş Sovet lideri Mixail Qorbaçov deyib.
«RIA-Novosti» agentliyinə müsahibəsində 85 yaşlı Qorbaçov dialoqun vacib olduğunu vurğulayıb: «Məncə, dünya çox təhlükəli nöqtəyə gəlib. Konkret proqnozlar vermək istəmirəm, amma bu prosesin dayandırılmalı olduğunu deməliyəm. Dialoqu bərpa etməliyik. Ən böyük səhv dialoqu dayandırmaq idi».
Ukraynaya görə münasibətləri onsuz da pisləşən Rusiya ilə ABŞ indi Suriya məsələsində qarşı-qarşıyadır. Oktyabrın 3-də Birləşmiş Ştatlar Rusiya ilə Suriya danışıqlarını dayandırdığını elan edib. Digər tərəfdən Ağ Ev rus hakerlərini ABŞ-ın rəsmi sənədlərinə müdaxilədə günahlandırır. Kreml isə bir neçə nüvə razılaşmasını dondurub, Suriyaya və Avropa ilə sərhədə silah yerləşdirir.
Qorbaçov deyib ki, prioritetlərə - nüvə silahının yayılmaması haqda razılaşmaya, terror əleyhinə mübarizə və təbii fəlakətlərin qarşısını almaq məsələlərinə qayıtmaq zəruridir: «Bunlarla müqayisədə qalan hər şey arxa plana keçir».