İstanbulda Rusiya ilə Türkiyə arasında “Türk axını” üzrə saziş imzalanıb. APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, sənədi iki ölkənin Energetika nazirləri imzalayıb.
İmzalanma mərasimində Türkiyə və Rusiya prezidentləri iştirak edib.
Bundan əvvəl İstanbulda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya dövlət başçısı Vladimir Putin arasında görüş keçirilib.
Rusiya və Türkiyə "Türk axını" layihəsinin müzakirəsi çərçivəsində qaz qiymətlərində güzəştlə bağlı razılığa gəliblər. Bunu Rusiya prezidenti Vladimir Putin bəyan edib.
“Türk axını” layihəsi və əməkdaşlığın genişləndirilməsi çərçivəsində biz həmçinin qaz qiymətlərində güzəştlər təmin etmək barədə razılığa gəldik", deyə Putin bildirib.
Türkiyə üçün qaz endirimi ilə bağlı dövlət başçısı tərəfindən “Qazprom” şirkətinə müvafiq tapşırıqlar verilib. Iqtisadi məsələlər ilə yanaşı, Ərdoğan və Putin Suriyadakı vəziyyəti də müzakirə ediblər.
Qeyd edək ki, “Türk axını” Qara dənizdən keçməklə Türkiyə-Yunanıstan sərhədinə qədər qaz kəmərlərinin çəkilməsini nəzərdə tutur.