Fransa prezidenti Fransua Olland rusiyalı həmkarı Vladimir Putinlə görüşü barədə qəti qərarını Suriyadakı durumdan asılı olaraq verəcək. Bunu Fransanın xarici işlər naziri Jean-Mark Ayrault «France Inter» radiosuna müsahibəsində deyib.
Rusiya və Fransa prezidentlərinin görüşü oktyabrın 19-da Parisdə keçirilməlidir.
Prezident Olland özü də TMC televiziyasına müsahibəsində Rusiya prezidenti ilə görüşünün əhəmiyyəti ilə bağlı sualları olduğunu söyləyib. O, Vladimir Putinlə görüşsə, Rusiyanın Suriyadakı əməliyyatlarının yolverilməz olduğunu, bu siyasətin Rusiyanın imicinə mənfi təsir etdiyini deyəcəyini bildirib.
Rusiya mətbuatı Kremlə istinad edərək görüşlə bağlı hazırlığın davam etdiyini, prezident Vladimir Putinin fransalı həmkarı ilə Suriya, Ukrayna məsələsini müzakirə edəcəyini, Rusiya dini mərkəzinin açılış mərasiminə qatılacağını yazır.