Rusiya prezidenti Vladimir Putinin Türkiyəyə səfəri ərəfəsində iki ölkənin yeni ittifaq yaradacağı barədə xəbər yayılıb. Baki-xeber.com “Azadlıq radiosu”na istinadən xəbər verir ki, bu barədə Pravda.ru saytı məlumat yayıb.
Rusiya ilə Türkiyənin dostluq münasibətlərini təzələməsindən, yeni ittifaqın yarana biləcəyi qeyd edilən yazıda bildirilir ki, münasibətləri normallaşmağa başlayandan və Türkiyədə çevriliş cəhdindən sonra Ankara ilə Moskva aralarındakı ittifaqı möhkəmləndirməyə çalışır. Hər iki ölkə regional məsələləri nəzərə alaraq, xüsusilə Qara dəniz və Suriya ilə bağlı ümumi strategiya yeritməyə başlayıb. Müəllifin fikrincə, bu ittifaq bərkiyərsə, Azərbaycan, İran, hətta Pakistan da ona qoşula bilər. Beləliklə, regionun problemlərini yalnız region ölkələrinin həll edə biləcəyi fikrini irəli sürən birlik yaranar və bu birliyin regiona sülh gətirmək potensialı daha böyük olar.
Müəllif Türkiyə ilə Rusiya arasında yaxınlaşmanın birinci hal olmadığını, XIX əsrin əvvəllərindən bəri bu iki ölkənin dəfələrlə ittifaq qurmağa çalışdığını, Qərbin təzyiqləri və xəbərdarlıqlarından sonra pozuluşduqlarını yada salır. Müharibələrə baxmayaraq, Türkiyənin müstəqillik uğrunda mübarizəsi dövrü, eləcə də respublikanın ilk illərində Rusiyadan dəstək aldığını, amma hər dəfə Rusiya ilə yaxınlaşandan sonra Türkiyədə bir çaxnaşma, hətta dövlət çevrilişi cəhdinin baş verdiyi qeyd edilir.
Müəllif iddia edir ki, prezidentlər Ərdoğan və Putinin rəhbərliyi altında Türkiyə ilə Rusiya arasında adsız ittifaq istiqamətində iş artıq başlayıb. Bu ölkələr siyasi, iqtisadi, ticarət sahəsində birgə işlər görür, nəhəng layihələr həyata keçirirlər. Yazıdan belə çıxır ki, hətta 2015-ci ildə türk əsgərlərinin rus təyyarəsini vurması, ondan sonra səslənən qarşılıqlı ittihamlar və sərt çıxışlar da bu əməkdaşlığa bir elə xələl gətirməyib. Və bu gün Rusiya ilə Türkiyə bütün daxili və xarici maneələrə rəğmən, əməkdaşlığın yeni mərhələsinə qədəm qoyur.
Onu da qeyd edk ki, oktyabrın 10-da Rusiya prezidenti Vladimir Putin Türkiyəyə gedəcək. Onun beynəlxalq forumda iştirakı və prezident Ərdoğanla görüşü nəzərdə tutulub.