Rusiya prezidenti Vladimir Putin ABŞ-la silaharda istifadə olunan plutoniuma dair müqavilənin dayandırılması ilə bağlı göstəriş verib.
Baki-xeber.com xəbər verrir ki, fərmanda ABŞ, Rusiyaya qarşı "qeyri-səmimi münasibəti nəticəsində strateji stabilliyə hədə" yaratmaqda ittiham olunur. Buna görə də Rusiya "təcili təhlükəsizlik tədbirləri" görməyə məcbur olub.
Moskva sazişin yenidən qüvvəyə minməsi üçün ABŞ qarşısında iki şərt də qoyur. Birinci şərtdə qeyd edilir ki, NATO ölkələrinin torpaqlarında yerləşdirilən ABŞ-a aid hərbi texnika və birliklərin sayı müqavilənin qüvvəyə mindiyi tarixdəki səviyyəyə endirilməlidir.
Ikincisi isə ABŞ-da qəbul edilən 2012-ci il tarixli "Maqnitski” qanunu və Ukrayna böhranından sonra tətbiq edilən Rusiya sanksiyaları ləğv edilməlidir.
Dumadan verilən məlumata görə, sazişin yenidən qüvvəyə girməsi mövzusunda qərarı Putinin verəcəyi bildirilir.
2000-ci ildə əldə edilmiş razılaşmaya əsasən hər iki tərəf 34 ton plutoniumu reaktorlarda yandırmaqla sıradan çıxarmalı idi. Bu, nüvə qüvvələrinin azaldılması planının tərkib hissəsidir.
ABŞ Dövlət Departamenti bildirib ki, ümumilikdə 68 ton plutonium "təxminən 17,000 nüvə silahı üçün yetərli qədər materialdır". Hər iki tərəf razılaşmanı 2010-cu ildə yeniləmişdilər. Lakin aprel ayında Putin bildirmişdi ki, ABŞ plutoniumun məhvinə dair öhdəliyini həyata keçirmir. O iddia etmişdi ki, əksinə, ABŞ plutoniumun silahlarda istifadəsinə dair fəaliyyətini davam etdirir.
"Biz öhdəliyimizi həyata keçirərək müəssisəni [plutoniumun məhvi üçün] tikmişik. Lakin amerikalı müttəfiqlərimiz bunu etməyiblər," cənab Putin deyib.
ABŞ iddiaları rədd edərək bildirib ki, onun plutoniumu məhv etmə metodu razılaşmanın şərtlərini pozmur.