ABŞ-dan Rusiyaya təhdid kimi açıqlama gəlib. Baki-xeber.com xəbər verir ki, ABŞ Dövlət Departamentinin sözçüsü Con Kirbi Suriyada müharibə davam edəcəyi halda bəzi qrupların Rusiyaya hücum edə biləcəyini deyib.
Kirbi bildirib ki, müharibə dayanmasa bəzi silahlı qruplar hücumlarını Suriya sərhədindən kənara daşıyacaq və Rusiyanın şəhərləri də hücumlara məruz qalacaq: "Suriyada vətəndaş müharibəsi davam edəcəyi halda radikal qruplar Suriyadakı bu vəziyyəti istismar edə və əməliyyatlarını genişləndirə bilərlər. Heç şübhə yoxdur ki, bu Rusiyanın mənafelərinə zidd ola və Rusiya şəhərləri də belə hücumlara məruz qala bilər".
Müharibə davam edəcəyi halda Suriyada döyüşən rus əsgərinin də bundan zərər görəcəyini deyən Kirbi, "Rus əsgərləri cəsəd torbalarında ölkələrinə göndərilə bilər. Rusiya mövqelərini və daha çox döyüş təyyarəsini itirə bilər" – deyə bildirib.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova isə ABŞ rəsmisinin bu tədid kimi açıqlamasına Facebook-da cavab verib. Kirbinin açıqlamasına sərt reaksiya verən Zaxarova, amerikalı diplomata sual ünvanlayıb və dolayısı ilə Vaşinqtonu terrorçuları istiqamətləndirməkdə ittiham edib: “Cəsəd torbaları”, “Rusiya şəhərlərinə hücumlar” və “təyyarələrin itirilməsi” ilə əlaqədar sözlərin bir diplomatın açıqlamasından daha çox, təlimata bənzədiyini düşünmürsünüz?"