ABŞ Konqresi prezident Obamanın 11 sentyabr hadisələrilə bağlı Səudiyyə Ərəbistanına qarşı iddia qaldırmaq təşəbbüslərinə qoyduğu vetonu iqnor edib.
Baki-xeber.com ria.ru saytına istinadən bildirir ki, bu, Obamanın prezidentliyi dövründə ilk belə haldır. Beləliklə, sentyabrın 23-də Konqres yekdil formada 11 sentyabr hadisələrindən zərər çəkmiş ailələrin xarici dövlətlərə və ayrı-ayrı şəxslərə qarşı xüsusi ittiham qaydasında çıxış etməsinə şərait yaradan qanun layihəsini qəbul edib. Xəbərə görə, burada söhbət, əsasən, terrora dəstək verməkdə dəfələtlə qınanan Səudiyyə Ərəbistanından gedir. Lakin ertəsi gün prezident Obama Vaşinqtonun müttəfiqlərilə münasibətlərini korlamaq istəməməsini əsas gətirərək sözügedən qanun layihəsinə veto qoyub. Bunun ardınca isə Konqresdə prezidentin vetosuna qarşı səsvermə keçirilib və konqresmenlərin 348 nəfəri vetonun əleyhinə səs verib, yalnız 76 nəfər prezidenti dəstəkləyib. Konqresin demarşı isə onunla izah olunur ki, Nümayəndələr Palatasında təmsil olunanların çoxu Respublikaçılar partiyasındandır.
Beləliklə də prezidentliyi dövründə ilk dəfə Obamanın vetosu görməzdən gəlinib. Obamanın özü isə baş verənləri “təhlükəli presedent” adlandırıb və bunun ABŞ-ın özünə qarşı çevrilə biləcəyini bildirib.
Obama onu da deyib ki, Konqresdən belə bir demarş gözləmirdi.