15 iyul çevriliş olaylarının ardından Ankaranın Qazan mahalındakı 1960-cı ildən fəaliyyət göstərən “Akıncı” hərbi bazasının adı Hərbi Hava Qüvvələri tərəfindən dəyişdirilib.
Baki-xeber.com-un “Əl-Cəzirə”yə istinadən xəbərinə görə, buraya 1995-ci ilə qədər olduğu kimi “Mürtəd” adı qaytarılıb. Buna səbəbsə bu bazadan çevriliş olaylarında istifadə olunmasıdır.
Xəbərdə qeyd olunduğu kimi isə, “Mürtəd” adının çox maraqlı tarixçəsi var. Belə ki, İmperiya dövründə - 1402-ci ildə həmin bu məkanda Osmanlı ilə Teymurləngin ordusu arasında qanlı savaş baş verir. Döyüş əsnasında Osmanlı tərəfində döyüşən Qara tatarlar və bəzi Anadolu bəyləri xəyanət yolu tutaraq Teymurləngin tərəfinə keçir. Məhz bu döyüşdə də Osmanlı ordusu məğlub olur və padşah Yıldırım Bəyazid əsir alınır. Həmin dövrdən bu məkana, xəyanəti xatırlatdığı üçün, İslamda dönük, dinsiz mənasını verən “Mürtəd” adı verilir.
1995-ci ildə buranın adı dəyişdirilərək “Mürtəd” “Akıncı” ilə əvəz olunsa da, 15 iyul olaylarında baza “mürtədliyini” göstərib bir daha xəyanətə şahıdlik edir...