Obama Filippin rəhbəri Rodriqo Duterte ilə planlaşdırılan görüşünü ləğv edib.
Baki-xeber.com-un TASS-a istinadən xəbərinə görə, buna səbəb onun ABŞ prezidenti haqqında etikadankənar ifadə işlətməsi olub.
Qeyd edək ki, bu günlərdə Filippinlə bağlı açıqlamasında prezident Barak Obama Filippində narkoticarətçilərə qarşı başladılan əməliyyat nəticəsində 2 mindən çox insanın qətl edilməsinə diqqət çəkib və bu ölkədə ölüm hökmünün qüvvədə olmasını qınayıb. Filippin prezidenti isə buna sərt reaksiya verib. “O nə düşünür? Mən ABŞ-ın marioneti deyiləm. Mən suveren dövlətin rəhbəriyəm və xalqımdan başqa kimsəyə hesab verməyə borclu deyiləm”- deyən Filippin lideri bu sözlərinin ardınca Obama barəsində təhqiramiz ifadə işlədib. Duterte onu da deyib ki, ABŞ prezidenti filippinli cinayətkarların müdafiəsinə qalxarkən “iki dəfə düşünməli idi”.
Qeyd edək ki, onun bu fikirləri CNN telekanalının efirində yayımlanıb. Ardınca isə Filippin lideri bəyanatla çıxış edərək, kəskin sözlərinə görə üzüldüyünü bildirib. Onun yaydığı bəyanatda o da bildirilir ki, görüşün tarixinin bir qədər geriyə çəkilməsilə bağlı iki lider arasında razılaşma əldə olunub. Bəyanatda, həmçinin, Dutertenin aradakı bütün ziddiyyətlərin yoluna qoyulacağına əminlik ifadə olunur.
Lakin Ağ Evdən bildirilib ki, prezident Obama baş verənlrdən sonra Filippin liderilə görüşün məhsuldarlığına şübhə ilə yanaşıb və o üzdən onunla təxirə saldığı görüşü Cənubi Koreya rəhbəri Pak Xın Xe ilə həyata keçirmək barədə qərar verib.