Rusiya xüsusi təyinatlıları Sankt-Peterburq şəhərində Şimali Qafqazdan olan silahlı şəxslərin zərərsizləşdirilməsi üçün xüsusi əməliyyat keçiriblər. APA-nın "RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, çoxmərtəbəli binaların birində gizlənən, Şimali Qafqaz regionunda qeyri-qanuni silahlı birləşmələrin tərkibində iştirakda təqsirli bilinən və axtarışda olan şəxslərin saxlanması istiqamətində əməliyyat keçirilib.
Silahlıların gizləndikləri bina xüsusi təyinatlılar tərəfindən mühasirəyə alınıb.
Əməliyyat zamanı bir silahlı öldürülüb. Əməliyyat vaxtı "Qrad” xüsusi təyinatlı dəstəsinin 1 əməkdaşı xəsarət alıb.
Əməliyyatın Federal Təhlükəsizlik Xidmətinin Kabarda-Balkar idarəsinin istəyi ilə keçirildiyi bildirilir. Məqsəd avqustun 14-də öldürülmüş, yaraqlıların lideri Xızır Lixovun Peterburqda gizlənmiş silahdaşlarını zərərsizləşdirmək olub.
Sankt-Peterburqda əməliyyat zamanı 4 silahlı öldürülüb. APA-nın "Lenta.ru”-ya istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya İstintaq Komitəsinin rəsmi nümayəndəsi Vladimir Markin məlumat verib.
Onun sözlərinə görə, zərərsizləşdirilmiş cinayətkarlar Şimali Qafqaz regionunda qanunsuz silahlı birləşmələrin tərkibində iştiraka görə federal axtarışda olublar.