Avqustun 9-da Ukrayna Milli Antikorrupsiya Bürosunun (UMAB) əməliyyatçıları Kiyev şəhəri Dnepr rayon məhkəməsinin hakimi Nikolay Çausu 150 min dollar rüşvət alarkən yaxalayıb.
Ukrayna mətbuatı yazır ki, hakimi Nikolay Çaus aldığı rüşvəti şüşə qabda saxlayırmış.
Ölkənin ixtisaslaşmış antikorrupsiya prokurorluğunun (İAP) rəhbəri Nazar Xolodnitski bu xəbəri öz Facebook səhifəsində açıqlayıb: "Rüşvətin verildiyi yerdən əşyayi-dəlil aşkar edilib və götürülüb. Bəzi Femida xidmətçiləri korrupsiya gəlirlərini bax belə saxlayırlar".
N.Xolodnitski bu qeydin ardından içində dollar əskinasları olan şüşə qabın fotosunu da paylaşıb. Onun sözlərinə görə, cinayət sübuta yetirilsə də, hakimi həbs etmək mümkün olmayıb. Axı, ölkə konstitusiyasına görə hakimin toxunulmazlıq hüququ var.
N.Xolodnitski bunu da yazıb ki, Ukraynanın Ali Şurası indi tətildə olduğundan, işə operativ şəkildə baxaraq, hakimin saxlanmasına qərar verə bilmir. O, Odessada hakim Buranın məhz bu yolla həbs edildiyini də xatırladıb.
Sözügedən qanun pozuntusu Ukrayna Cinayət Məcəlləsi 4-cü maddəsinin 368-ci bəndinə ("Vəzifəli şəxsin qanunsuz qazancı, yaxud qanunsuz qazanc təklifini və ya vədini qəbul etməsi") uyğun gəlir.
Bu maddə təqsirli şəxsi 3 ilədək bəlli vəzifələri tutmaq hüququndan məhrum edir və ona əmlakı müsadirə olunmaqla, 8 ildən 10 ilədək həbs cəzası kəsilməsini nəzərdə tutur.