Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi tərəfindən Krımda planlaşdırılan terror aktının qarşısını aldığını açıqlayıb. APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, FTX-nin məlumatında bildirilir ki, terror aktı Krımda vacib infrastruktur və yaşayış yerlərində planlaşdırılıb.
"Məqsəd seçkilərə hazırlıq prosesində və seçkilərin keçirilməsi zamanı yarımadada sosial-siyasi vəziyyəti qarışdırmaq olub. Diversiya qrupu avqustun 7-nə keçən gecə Armyansk rayonunda aşkar edilib. Diversantlar saxlanılan zaman atışmada FTX-nin bir əməkdaşı həlak olub. Toqquşma baş verən yerdə hüquq-mühafizə orqanlarının əməkdaşları 20 ədəd əldəqayırma partlayıcı vasitə, xüsusi silahlar, döyüş texnikası aşkar ediblər”, - deyə məlumatda qeyd olunur.
Açıqlamada o da bildirilir ki, avqustun 8-nə keçən gecə hüquq-mühafizə orqanlarının əməkdaşları diversiya terror qrupunun daha iki müdaxilə cəhdinin qarşısını alıblar. Bu zaman da daha bir rus hərbçisi həlak olub.
Hazırda Krımda təhlükəsizlik tədbirləri gücləndirilir.