İstanbulun Atatürk hava limanında törədilmiş terror aktında ölənlərin sayı 41 nəfərə çatıb. Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, onlardan 13-ü əcnəbidir. Hazırda Türkiyə xəstəxanalarında terror aktında yaralanmış 239 nəfər var.
Qeyd edək ki, İstanbulun Atatürk hava limanında 3 terrorçu-intiharçı özünü partladıb. İlkin məlumatlara görə, terror aktının arxasında İŞİD terror təşkilatı dayanır.
Terror aktı nəticəsində ölənlərin əksəriyyətinin şəxsiyyəti d’ müəyyən edilib. Məlumata görə, ölənlərin 23-ü Türkiyə, 5-i Səudiyyə Ərəbistanı, 2-si İraq, 1 nəfər olmaqla Tunis, Özbəkistan, İran, İordaniya və Ukrayna vətəndaşlarıdır.
İstanbul şəhər valiliyindən Azərbaycanın Baş konsulluğuna bildirilib ki, hava limanında törədilmiş terror aktı nəticəsində ölən və yaralananlar arasında Azərbaycan vətəndaşı yoxdur. Bu barədə Trend-ə Azərbaycan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Hikmət Hacıyev deyib.
Onun sözlərinə görə, Baş konsulluq valiliyin müvafiq strukturları ilə təmasları davam etdirir.
Bu arada Azərbaycan XİN İstanbulun Atatürk hava limanında törədilmiş terror aktlarını pisləyən bəyanat yayıb. Bəyanatda "28 iyun 2016-cı il tarixində İstanbulun Atatürk hava limanında törədilmiş qanlı və xain terror aktlarını kəskin şəkildə lənətləyirik. Bu terror aktları nəticəsində həyatını itirənlərin ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına dərin hüznlə başsağlığı verir və yaralananların tezliklə şəfa tapmasını diləyirik” - deyə bildirilir.
Məlumatda qeyd olunur ki, terrorizmdən əziyyət çəkən dövlət kimi Azərbaycan terrorizmin bütün forma və təzahürlərini qəti şəkildə pisləyir və terrorizmə qarşı mübarizədə qardaş Türkiyə ilə həmrəyliyini bir daha ifadə edir.
Onu da xatırladaq ki, İstanbulun Atatürk hava limanında törədilmiş terror aktı son 30 ildən çox müddət ərzində Türkiyə hava limanlarında baş vermiş ən qanlı teraktlardan biridir. Türkiyə hava limanında ilk terror aktı 1982-ci ilin 7 avqust tarixində Ankarının Esenboğa hava limanında törədilib. ASALA erməni terror təşkilatının törətdiyi terror aktı nəticəsində 9 nəfər ölmüşdü.
İkinci terror aktı 2015-ci il dekabrın 23-də İstanbulun Sabiha Gökçən hava limanında baş verib. Hava limanı ərazisində açılan atəş nəticəsində 1 nəfər həlak olmuşdu. Teraktı PKK terror təşkilatı törətmişdi.
Üçüncü terakt isə iyunun 28-də baş verib. İstanbulun Atatürk hava limanında törədilmiş terror aktı nəticəsində 41 nəfər ölüb, 239 nəfər isə yaralanıb. Teraktı İŞİD terror təşkilatının silahlıları törədiblər.