Rusiyada "Crocus City" sərgi şirkətlərinin və VEGAS ticarət əyləncə mərkəzinin sahibi olan Azərbaycan əsilli məşhur milyarder Araz Ağalarov Vladivostokda Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq (APEC) təşkilatının sammiti üçün obyektlərin tikintisi zamanı şirkətə dəymiş zərərə görə dövlətdən təzminat alıb.
Baki-xeber.com RBC agentliyinə istinadən xəbər verir ki, Rusiya hökuməti Vladivostokda APEC üçün inşa etdiyi layihə ilə bağlı Ağalarovun sahibi olduğu "Crocus Group” şirkətinə 1,1 milyard rubl təzminat ödəyib.
"Crocus Group” 2009-ci ildə Uzaq Şərq Universitetinin inşaat layihəsinin podratçısı seçilib. 2013-ci ilə qədər layihənin dəyərinin 42 milyard rubla yüksəldiyi, Ağalarovun şirkətinin isə əlavə olaraq 3,6 milyard rubl xərcə düşdüyü bildirilir.
Bundan sonra şirkət, məhkəməyə müraciət edərək dövlətdən 1,9 milyard rubl tələb edib.