20-dən çox NATO ölkəsi bu həftə Polşada irimiqyaslı hərbi təlimlərə başlayıblar. Ölkənin şimalında keçirilən təlimlərdə 30 mindən çox hərbçi iştirak edir ki, bunun yarıdan çoxu ABŞ-ın payına düşür.
Təlimlərdə hərbi texnikalar, təyyarə və gəmilər iştirak edir. Bu soyuq müharibə dövründən bu yana NATO-nun şimal cinahda keçirdiyi ən iri təlimdir.
"Anakonda-16” manevrlərində gecə vertolyot-desant əməliyyatları keçiriləcək. Visla çayı üzərində müvəqqəti körpünün tikintisi üçün 2 min ABŞ desantı atılacaq. 82-ci hava-desant dviziyasından 500 paraşütçü səfərbər edilib və onlar Şimali Karolinadakı hərbi bazadan Polşanın Torun şəhərinə gətiriliblər.
"Onları 25 saat əvvəl həyəcan siqnalı ilə qaldırıblar, onlar Atlantikanı keçiblər və bu müddət ərzində əməliyyat planlaşdırılıb, bundan sonra isə desantların düşməli olduğu bu əraziyə atılıblar - bu fövqəladə vəziyyət şəraitində məşqdir” – deyə general-leytenant Mark Miller bildirib.
Əməliyyatlara həmçinin 230 britaniyalı paraşütçü cəlb edilib. Onlar Almaniyadakı hərbi bazadan gəliblər. Bundan başqa Krakovdan polşalı desantlar atılıb.
Təlim məşqləri NATO-nun Varşavada keçiriləcək sammitinə bir neçə həftə qalmış başlayıb.
Sammitdə Şərqi Avropada hərbi heyət və texnikanın gücləndirilməsi ilə bağlı yekun qərar qəbul olunmalıdır.