ABŞ Prezidenti Barak Obama Yaponiyanın Xirosima şəhərinə tarixi səfər edəcək. Baki-xeber.com xəbər verir ki, bu barədə Ağ Evin açıqlamasında bildirilir.
Bununla Obama Xirosimanı ziyarət edən ilk ABŞ prezidenti kimi tarixə düşəcək.
Xirosima İkinci Dünya Müharibəsi zamanı ABŞ tərəfindən atom bombası ilə vurulmuşdu.
Ağ Ev sözçüsü Coş Earnest Obamanın Xirosima ziyarətinin bu ay reallaşacağını bildirib.
Obamanın mətbuat müşaviri Ben Rhodes, bu ziyarətin iki ölkənin ortaq gələcəyinə yönəlmiş irəliyə doğru bir addım olacağını deyib. Xirosima səfəri Obamanın Vietnamı da əhatə edən Asiya turunun bir hissəsi olacaq. Obama Yaponiyada keçiriləcək G7 zirvəsinə də qatılacaq.
Yaponiya baş naziri Abe də Obamanın, 6 avqust 1945-ci ildə atom bombası ilə vurulan şəhəri ziyarət edəcəyini təsdiqləyib.
ABŞ-ın əvvəlki prezidentləri, "ABŞ-ın üzr istədiyi" təəssüratına yol açmamaq üçün heç vaxt Xirosima və ya Naqasakiyə səfər etməyib. Obama, 2009-cu ildə verdiyi bir açıqlamada, "Xirosima və Naqasakidəki xatirələr dünyanın yaddaşına həkk olunub. Mən də prezidentliyim müddətində bu şəhərləri ziyarət etmək fürsəti tapsam bundan qürur duyacağam" demişdi.
Bundan əvvəl Ağ Ev rəsmiləri Obamanın ola biləcək Xirosima ziyarətinin Yaponiyadan bir üzr mənasını verməyəcəyini, ABŞ-ın Yaponiyadan rəsmi olaraq üzr istəməsinin gözlənilmədiyini bildiriblər. Məhz buna görə, Obamanın səfəri zamanı Xirosima hücumuna görə üzr istənilməsi gözlənilmir.
Qeyd edək ki, aprel ayında ABŞ-ın dövlət katibi Con Kerri Yaponiyada Xirosima Sülh Parkına baş çəkib. C.Kerri bu parka səfər edən ən yüksək rütbəli ABŞ rəsmisi olub.