Rusiyanın YUKOS şirkətinə 50 milyard dollar təzminat ödəməsi barədə qərar Haaqa dairə məhkəməsi tərəfindən qanunsuz sayılıb.
Məhkəmə YUKOS şirkətilə Rusiya arasında çəkişməyə dair 2014-cü ildə beynəlxalq arbitrajın çıxardığı qərarın qeyri-qanuni olduğunu bildirib.
Bu məlumatı YUKOS ilə çəkişmədə Rusiyanın maraqlarını təmsil edən Beynəlxalq hüquq müdafiəsi mərkəzinin başçısı Andrey Kondakov BBC Rus xidmətinə təsdiqləyib.
Beynəlxalq arbitrajın həmin qərarına əsasən Rusiya YUKOS şirkətinin keçmiş sahiblərinə 50 milyard dollar təzminat ödəməli idi.
Rusiya-YUKOS çəkişməsilə bağlı əvvəlki qərar Haaqa arbitraj məhkəməsinin daimi palatası tərəfindən çıxarılmışdı.
Haaqa dairə məhkəməsi isə bu işi icraata götürməklə arbitraj məhkəməsinin öz yurisdiksiya həddini aşdığı barədə qərar qəbul edib.
"Bu qərar Rusiya Federasiyasının tam qələbəsidir”, Andrey Kondakov deyib.
YUKOS-un nəzarət paketinə sahiblik edən və keçmişdə Group Menatep kimi tanınan GML şirkəti çıxarılmış qərardan Hollandiya Ali Məhkəməsinə şikayət edəcəyini bəyan edib.
GML rəhbəri Tim Osborne BBC-ə bildirib ki, keçmiş sahiblər kompensasiya haqqında ilkin qərarın qanuni olduğuna əmindirlər və həmin qərarı müdafiə etmək niyyətindədirlər.
YUKOS-un keçmiş sahiblərinin nümayəndəsi bundan əvvəl BBC-ə bildirmişdi ki, arbitraj qərarının ləğvi Rusiyaya onun xarici aktivləri üzərindən həbs qərarının götürülməsini tələb etməyə əsas verəcək.