Ermənistanın Şirak vilayətindəki Arıç kəndinin şurası 10 ildən bəri Qazaxıstan prezidenti Nursultan Nazarbayevin adını daşıyan küçənin adını dəyişdirmək fikrindədir. Artıq bir neçə gün əvvəl küçənin adını göstərən lövhə çıxarılıb.
Kəndin kitabxanasında səfirliyin dəstəyi ilə açılmış Qazaxıstan guşəsi də var imiş. Bu guşə də yığışdırılıb. Nazarbayevin böyük portreti də divardan çıxarılıb.
Ermənilər Qazaxıstan prezidentinin aprelin ilk günlərində yenidən gərginləşmiş Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyindən qıcıqlanıblar.
Bundan əvvəl isə Nazarbayev israr etmişdi ki, Ermənistan Avrasiya İttifaqına Dağlıq Qarabağsız qəbul edilsin. Avrasiya İqtisadi İttifaqı üzvlərinin hökumət başçılarının aprelin 8-də İrəvanda keçirilməli olan görüşü də məhz Qazaxıstanın təklifi ilə Moskvaya keçirilmişdi.