Türkiyənin Kilis vilayəti Suriya ərazisindən növbəti dəfə raket atəşinə məruz qalıb. Trend-in "Milliyyət" qəzetinə istinadən verdiyi məlumata görə, Suriya ərazisindən atılan daha 3 raket mərmisi Kilis vilayətinə düşüb.
İlkin məlumata görə, insident nəticəsində heç kəs xəsarət almayıb.
Qeyd edək ki, dünən də Türkiyə Suriyada İŞİD-in nəzarətində olan Bap bölgəsindən raket atəşinə tutulub. Baki-xeber.com xəbər verir ki, hadisə nəticəsində 3-ü uşaq olmaqla 4 nəfər ölüb, 6 nəfər isə yaralanıb.
İŞİD-in atdığı Katyuşa raketlərinin şəhər mərkəzindəki yaşayış əraziləri və boş sahələrə düşüb. Bundan dərhal sonra Türkiyə silahlı qüvvələri Suriya ərazisini top atəşinə tutub.
Raketlərin ikisi Abdullah Gül Bulvarı üzərindəki Dövlət Xəstəxanasının arxasında olan oksigen anbarı yaxınlığına düşüb. Hadisədən sonra xəstəxana təhlükəsizlik məqsədilə müvəqqəti olaraq boşaldılıb.
Raket mərmilərindən ikisi isə Yavuz Sultan Səlim Məhəlləsinə düşüb. Mehmet Keçik ərazisindəki məktəb sahəsinə düşən mərmi nəticəsində 40 yaşlı çoban ölüb, 14 yaşlı şagird yaralanıb.
Müəllimlər evinin yaxınlığındakı yaşayış binasına düşən raket mərmisi nəticəsində isə 2 nəfər ölüb, 4 nəfər yaralanıb.