Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Vaşinqtona səfəri zamanı ABŞ prezidenti Barak Obamayla görüşü olacaq. O martın 29-da Ankarada keçirdiyi mətbuat konfransında belə bir görüşün planlaşdırıldığını və bununla bağlı danışıqlar aparıldığını deyib.
Prezidentin sözlərinə görə görüş, Vaşinqtonda keçiriləcək beynəlxalq nüvə təhlükəsizliyi sammiti çərçivəsində baş tutacaq.
Ərdoğan deyib ki, bu birbaşa ikitərəfli görüş olmadığından, sadəcə danışıq olacaq və nə qədər sürəcəyi sammitin gündəliyindən asılıdır.
Türkiyə prezidenti bildirib ki, sammitdə 50-dən çox dümya lideri iştirak edəcək və onun toplantı çərçivəsində ayrı-ayrı ikitərəfli görüşləri nəzərdə tutulur.
Qeyd edək ki, bundan əvvəl Obamanın Ərdoğanla görüşməyəcəyi barədə məlumatlar yayılmışdı.
Nüvə təhlükəsizliyi sammiti martın 31-dən aprelin 1-dək keçiriləcək.