Rusiyada müxalifət fəalları Aleksey Navalny və Leonid Volkov cümə günü Novosibirsk rayon Məhkəməsinin binası qarşısında hücuma məruz qalıb. Azadlıq Radiosunun rus xidmətinin məlumatına görə, Navalny məhkəməyə həmkarı Leonid Volkovun işi üzrə ifadə verməyə gəlib.
Məhkəmə binasından çıxan müxalifətçilərə iki gənc hücum çəkib, onlara tort atıb qaçıblar.
Navalny onların arxasında qaçsa da, çatmayıb. O, Facebook səhifəsində yazıb ki, «yaxşı ki, çatmadım. Yoxsa gələn ay məhkəmə zalında təqsirləndirilən qismində əyləşməli olardım».
Hücumu Kremlyönlü fəalların törətdiyi güman edilir. Daha öncə də onlar Navalnynı yumurta atəşinə tutublar.