Türkiyədə fəaliyyət göstərən Azərbaycan əsilli iş adamı Rza Zərrabın vəkili Şeyda Yıldırım onun ABŞ-da həbs olunmasının 2013-cü ildəki 17 və 25 dekabr korrupsiya işi ilə heç bir əlaqəsinin olmadığını bildirib.
Qeyd edək ki, Rza Sərrafla birlikdə, onun işçisi Kamelia Cəmşidi və İrandakı Bank Mellatın nümayəndəsi Hüseyn Nəcəfzadəyə Manhetten federal məhkəməsi tərəfindən rəsmi ittiham irəli sürülüb. Federal Tədqiqatlar Bürosu (FBİ) Rza Sərrafı şənbə günü Mayamidə saxlayıb, Cəmşidi və Nəcəfzadə isə hələ də azadlıqdadır.
Baki-xeber.com xəbər verir ki, Rza Sərrafın vəkili Şeyda Yıldırım onun həbsinin gözlənilməz olduğunu və irəli sürülən ittihamların bizneslə bağlı olduğunu deyib: "Həbsin 17 və 25 dekabr korrupsiya işi ilə heç bir əlaqəsi yoxdur. Heç gözlənilən bir şey deyildi. Bizə göndərilən bəzi iddialar var, Rza bəyin işilə, ticarətlə əlaqədar iddialar. Hamısı cavab verilə, izah edilə bilən mövzulardır".
Əsl istintaqın Nyu Yorkda olduğunu deyən vəkil, Rza Sərrafın təyyarə ilə Mayamiyə endiyi üçün orada saxlandığını qeyd edib. Yıldırım onun girov qarşılığında azadlığa buraxılmasına çalışacaqlarını bildirib.
Onu da qeyd edək ki, Rza Sərrafın həbsi, ABŞ və Avropa Birliyi tərəfindən İranın nüvə proqramına görə illərdir tətbiq edilən iqtisadi sanksiyaların qaldırılmasından iki ay sonraya təsadüf edir.