Cenevrədə Suriyada siyasi keçidlə bağlı sülh danışıqları davam edir. Söhbət Suriyada seçkilər keçirilməsi və münaqişənin dinc, siyasi yolla həllindən gedir.
Baki-xeber.com xəbər verir ki, BMT-nin Suriya üzrə xüsusi elçisi Staffan de Misturanın sözlərinə görə, cümə axşamı danışıqlarda fasilə elan ediləcək.
Mistura Suriya rejimindən yeni hökumətlə bağlı yazılı sənəd təqdim edilməsini gözləyir.
O danışıqlarda iştirak edən əsas müxalifət qrupu - Ali Komitənin siyasi keçidlə bağlı təklif verməsini alqışlayıb.
Mistura Ali Komitə ilə görüşməzdən əvvəl - martın 21-də Əsəd hökumətinin nümayəndələri ilə görüşüb. Əsədin hakimiyyətdə qalması ən kəskin problem olaraq qalmaqdadır. Müxalifət hələ də onun istefasını tələb edir.
Görüşdən sonra Suriya hökuməti isə Cenevrə danışıqlarında Bəşər Əsədin gələcəyi mövzusunu müzakirəyə qarşı olduğunu bəyan edib. Hökumət nümayəndəsi Bəşər əl Cəfəri Əsədin müzakirələrlə bir əlaqəsinin olmadığını deyib.