Türkiyə paytaxtı Ankaranın Kızılay bölgəsində 37 nəfərin ölümü ilə nəticələnən terror aktında əsas şübhəli Rusiyadır. Baki-xeber.com xəbər verir ki, bu iddia ilə Türkiyənin "Star” qəzeti çıxış edib.
Qəzet yazır ki, Türkiyəni təyyarəsinin intiqamını almaqla təhdid edən Rusiya əsas şübhəlidir. "Barmaq izi Putinindir" başlıqlı xəbərdə, bildirilir ki, Rusiya təyyarəsinin noyabrın 24-də sərhəddə vurulmasından sonra terror təşkilatları PKK-PYD Rusiya ilə ciddi şəkildə yaxınlaşmağa başladı. Qəzetin iddiasına görə, təyyarə böhranından sonra İstanbul və Ankaradakı kritik nöqtələrdə törədilən 3 qanlı hücumda Rusiya barmağının olub-olmadığı araşdırılır.
Yazıda HDP sədri Səlahəddin Dəmirtaşın dekabrın 23-də Moskva səfərinə də toxunulur. Rusiya rəsmiləri ilə görüşən Dəmirtaşın PYD üçün kömək istədiyi bildirilir: "Rusiya ilə PYD-lilər İstanbulun Sultanəhməd Meydanında 12 yanvarda Suriyadan gələn canlı bomba ilə alman turistləri hədəf aldı, 13 nəfər həyatını itirdi.
Həmin vaxtlar Rusiya-Əsəd və ittifaqda yer almayan İran, Türkiyə əleyhinə açıqlamalar verərək Rusiya təyyarəsinin intiqamını almaqla hədələyirdi”.