ABŞ prezidenti Barak Obama Rusiya prezidenti Vladimir Putinlə bağlı maraqlı açıqlamalar verib.
Baki-xeber.com xəbər verir ki, ABŞ-da 158 ildir nəşr olunan "The Atlantic" jurnalına danışan Obama Putinin rəsmi əlaqələrdə "pis" biri olmadığını, əksinə "mədəni və çox açıq sözlü olduğunu" bildirib.
Obama Putinin görüşlərə gecikməsi vərdişinə də toxunaraq "Məni heç vaxt, başqaları kimi iki saat gözlətmir" – deyə bildirib. O, Putinlə görüşlərinin "son dərəcə işgüzar" olduğunu vurğulayıb.
Obamaya görə, Ukrayna və Suriyaya hərbi müdaxilə Rusiyanın öz daxilindəki problemlərdən diqqəti yayındırmaq cəhdidir: "Putin axmaq deyil, bunun Rusiyanın dünyadakı mövqeyini zəiflətdiyini görür”.
Obama deyir ki, Krımı işğal etmək, ya da Əsədə dəstək vermək onu birdən-birə oyunçuya çevirmir. Həqiqi güc, zor tətbiq etmədən istədiyini almaqdır.
Obama Rusiyanın qlobal təsirinin də yüksək olmadığını bildirib: "Bu danışıqların heç birində Rusiya gündəmi təyin etmir. Heç bir G-20 zirvəsində hər hansı bir əhəmiyyətli gündəm maddəsi mövzusunda ruslar təşəbbüskar olmayıb”.