İranlı mühafizəkar deputat qadınların parlamentə buraxılmamalı olduğunu bəyan edəndən sonra tənqid hədəfinə çevrilib.
"Parlament qadınların yeri deyil, kişilərin yeridir" deyən deputat Nader Qazipur onlayn yerləşdirilmiş bir videoda bəyan edir. O, videoda həmçinin bildirib ki, qadınlar təhqir edilə bilərlər. O həmçini qadınları "eşşəklər"lə eyni kateqoriyaya qoyub. "Biz ölkənin üzərində nəzarəti asanlıqla əldə etməmişik ki, indi də hər tülkünü, uşağı, eşşəyi parlamentə buraxaq. Parlament eşşəklərin yeri deyil," - deyə o bildirib.
57 yaşlı Qazipur keçən həftə vətəni olan Urmiyə şəhərindən yenidən deputat seçilib. Belə görünür ki, o bu sözləri öz seçki qərərganında bir görüş zamanı deyib.
Onun bu şərhi elə bir vaxtda ortaya çıxıb ki, rekord sayda, yəni 20 qadının 26 fevral seçkilərindən sonra parlamentdə yer alacağı gözlənilir.
Qazipurun bu yaxınlarda Youtube-a yerləşdirilmiş videosu həm internetdə, həm də ondan kənarda ziddiyyətli və kəskin şərhlər doğurub. Deputatın vəzifəsindən uzaqlaşdırılmasına çağıranlar da var.
İran xəbər saytları bildirir ki, hökumətin qadın və uşaq məsələləri idarəsinin məlumat şurasının rəhbəri Zəhra Nejadbahram Qazipurun vəzifəsindən azad edilməli olduğunu deyib.
İnqilabçı Qadınların İslam Cəmiyyəti adlı qadın qrupunun Urmiyə qolu bildirib ki, Qazipur "qadınlara qarşı açıq-aşkar və abırsız hörmətsizliyinə" görə səlahiyyətlərindən məhrum edilməlidir.
Sosial mediada bəziləri Qazipurun namizədliyini təsdiq etmiş Keşikçilər Şurasını onun səlahiyyətlərini əlindən almağa çağırıb. Digərləri isə deputatı sərt və qeyri-diplomatik tərzi ilə tanınmış keçmiş prezident Mahmud Ahmadinejada bənzədib.
Qazipur öz İnstaqram səhifəsində Urmiyə qadınlarından üzr istəyib, özünü isə İranın Ali dini lideri Ayatəllah Əli Xamneyinin "xidmətçisi və əsgəri" adlandırıb: "Mən Urmiyə xanımlarının hisslərinə toxunmuş sözlərimə görə üzr istədim, çünki mən onlar haqqında danışmırdım".