Moskvada 4 yaşında bir uşağın başını kəsən Gülçöhrə Bobokulova cinayəti Rusiyanın Suriyada keçirdiyi hava hücumlarına görə Putindən intiqam almaq üçün törətdiyini bildirib.
Baki-xeber.com xəbər verir ki, Bobokulovaya şizofreniya diaqnozu qoyulub. Rusiya mətbuatında "Qanlı dayə" adlandırılan özbək Bobokulova bazar ertəsi həbs olunub, çərşənbə günü də məhkəməyə çıxarılıb.
38 yaşlı Bobokulova məhkəmədən əvvəl mətbuata açıqlamasında uşağı "Allah əmr etdiyi üçün" öldürdüyünü bildirib.
İnternetdə yayılmış bir videoda isə Bobokulova uşağı Rusiya prezidenti Vladimir Putinin Suriyadakı hava hücumları əməliyyatlarına görə öldürdüyünü deyib: "Qan tökən birinə qarşı intiqam aldım. Putin təyyarələrlə bombalayır. Niyə müsəlmanları bombalayırsan? Bundan kimsə danışmır. Onlar da yaşamaq istəyirlər".
Videonun ortaya çıxmasından sonra Rusiya İstintaq Komitəsi Bobokulovaya uzun müddət əvvəl şizofreniya diaqnozu qoyulduğunu bildirib. Komitənin sözçüsü Vladimir Markin qeyd edib ki, uzun müddət əvvəl şizofreniya diaqnozu qoyulmuş bir adamın cinayət etdiyi anındakı motivasiyası ilə sonrakı açıqlamaları uyğun gəlməz. Markin Mediaya çağırış edərək yarımçıq nəticələr çıxarmamağa çağırıb.