Bəzi Avropa Birliyi (AB) ölkələrinin sığınacaq axtaran miqrantlarla bağlı Almaniyaya qarşı tənqidləri getdikcə daha da sərtləşir. Xüsusilə Avstriyadan gələn açıqlamalar diqqət çəkir. Avstriyalı siyasətçilər bəzən Almaniyanı təhqir də edirlər.
Baki-xeber.com xəbər verir ki, miqrantlara qarşı sərt mövqedə olan Avstriyanın baş naziri Verner Faymann ölkəsinin Almaniyaya getmək istəyən qaçqınlar üçün "gözləmə zalı” olmayacağını bəyan edib.
Tranzit siyasətinə son qoyulması və xaosun dayandırılmasının vacibliyini dilə gətirən Faymann Almaniya kansleri Angela Merkelin keçən il dediyi "Bunun öhdəsindən gələrik" ifadələrinə də cavab verib. O bunun öhdəsindən gələ bilməyəcəklərini deyib.
Avstriyanın Xalq Partiyasından millət vəkili Frank Markus isə Merkeli tənqiddən çox təhqir edib. O bildirib ki, Merkel uşağı olmadığı üçün ölkəyə qaçqınları çağırır. Siyasətçi qələmə aldığı bir yazıda, "Heç bir zaman öz oğlanları olmadı və Şərqdə yeni doğulanların gəlişini gerçək doğum kimi qəbul edir. Ölkə anası, siyasətilə qısırlığını düzəltmək istəyir" ifadələrinə yer verib.