NATO-nun baş katibi Yens Stoltenberq Suriya münaqişəsinə cəlb olunmuş bütün tərəfləri atəşkəs rejiminə əməl etməyə çağırıb.
Trend-in TASS-a istinadən verdiyi məlumata görə, Y.Stoltenberq bu gün Küveytdə mətbuat konfransında ölkə rəsmiləri ilə Suriyada atəşkəs rejiminin pozulması məsələsi müzakirə edildiyini bildirib: "NATO bütün tərəfləri Suriyada atəşkəsə hörmət etməyə çağırır".
Xatırladaq ki, keçən həftə Rusiya və ABŞ Suriyada atəşkəs rejiminə dair saziş layihəsini imzalayıblar. Sənədə əsasən, atəşkəs rejimi Suriyada fevralın 27-dən qüvvədədir. Atəşkəs İŞİD, "Cəbhət ən-Nüsra” kimi terror qruplaşmalarına şamil edilməyib.