Moskvada metro stansiyası yaxınlığında əlində kəsilmiş uşaq başı olan qadın saxlanılıb. APA-nın xəbərinə görə, bu barədə "Moskva” agentliyinə Rusiya İstintaq Komitəsinin Moskva üzrə Baş İstintaq İdarəsinin rəsmi nümayəndəsi Yuliya İvanova bildirib.
Saxlanılan şəxs meyiti yanğın baş vermiş mənzildə tapılan uşağın qətlində şübhəli bilinir. Y. İvanovanın sözlərinə görə, həmin qadın qətlə yetirilən uşağın dayəsi olub.
REN TV-nin məlumatına görə, "Oktyabrskoye pole” metro stansiyası yaxınlığında əlində kəsilmiş uşaq başı olan hicablı qadın özünü partlatmaqla hədələyib.
Dayənin kimliyi də müəyyən olunub. Bu, 1978-ci il təvəllüdlü Özbəkistan vətəndaşı Gülçöhrə Bobokulovadır. Onun Rusiyada qeyr-qanuni çalışdığı bildirilir.
Qeyd edək ki, bu gün səhər "Oktyabrskoye pole” metro stansiyasına yaxın ərazidə mənzildə yanğın baş verib. Yanğın söndürüldükdən sonra hadisə yerində 3-4 yaşlı uşağın başı kəsilmiş meyiti aşkarlanıb.
Məlumata görə G. Bobokulova 4 yaşlı qızın başını kəsdikdən sonra mənzili yandırıb. Sonra uşağın kəsilmiş başını götürərək "Oktyabrskoye pole” metro stansiyasına yollanıb. G. Bobokulova metronun girişində "Allahu Əkbər” qışqırıb və özünü partlatmaqla hədələyib. Polis ərazini mühasirəyə aldıqdan sonra qadını saxlamaq mümkün olub.