"İŞİD terror qruplaşmasının silahlıları ABŞ ərazisində yeni terror aktları təşkil edə bilər”. APA-nın xəbərinə görə, bu barədə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Brennan CBS telekanalına müsahibəsində deyib.
C. Brennan bildirib ki, İŞİD bu məqsədlə ABŞ ərazisinə öz adamlarını və zəruri materiallar göndərə və yaxud artıq ABŞ ərazisində fəaliyyət göstərən muzdlu adamlarından istifadə edə bilər: "Düşünürəm ki, onlar uğur qazanmayacaqlar. Terrorçuların məqsədi Qərb və müsəlman dünyası arasında münaqişəyə səbəb olmaqdır”.
C. Brennanın fikrincə, bu fəaliyyətlər İŞİD sıralarına yeni tərəfdarların toplanması məqsədilə həyata keçirilir.
MKİ-nin direktoru xüsusi xidmət orqanlarının Avropada bir sıra terror aktlarının qarşısının aldığını da bildirib. O, etiraf edib ki, xüsusi xidmət orqanları ötən ilin 14 noyabrında Parisdə planlaşdırılan terror aktları barədə ilkin informasiyaya malik olublar: "Hadisəyə bir neçə gün qalmış biz İŞİD-in hansısa fəaliyyət planlaşdırdığı barədə məlumatlı idik. Lakin silahlıların yeni növ kommunikasiya vasitələrindən istifadə etməsi nəticəsində hadisəyə operativ şəkildə reaksiya vermək və qarşısının alınması istiqamətində tədbirlər görməK mümkün olmadı”.