“Reuters” xəbər verir ki, ABŞ prezidenti Donald Tramp gözlənilmədən Suriya hökumətinə qarşı bütün sanksiyaları ləğv edəcəyini elan edib. Çərşənbə günü isə ABŞ prezidenti Körfəz Əməkdaşlıq Şurasının iclaslarında iştirak etmək üçün Ər-Riyada gələcək əl-Şara ilə görüşməyə razılaşıb. ABŞ-ın müttəfiqi İsrail Suriyaya qarşı sanksiyaların yumşaldılmasına qarşı çıxıb. Lakin Tramp çərşənbə axşamı bildirib ki, Səudiyyə vəliəhdi Məhəmməd bin Salman və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan onu bu addımı atmağa sövq edib.
Trampın Körfəz regionuna dörd günlük səfərinin ilk günü təmtəraqlı mərasimlər və işgüzar sövdələşmələr, o cümlədən Səudiyyə Ərəbistanının ABŞ-a 600 milyard dollar sərmayə qoyacağı və Amerikanın krallığa 142 milyard dollarlıq silah satışı ilə bağlı öhdəliyi ilə yadda qalıb. Çərşənbə günü Tramp Qətərin paytaxtı Dohaya uçacaq və burada əmir Şeyx Təmim bin Həməd əl-Tani və digər rəsmilərlə dövlət səfərində iştirak edəcək. ABŞ-ın əsas müttəfiqi olan Qətərin ABŞ-a yüz milyardlarla dollar sərmayə qoyacağı gözlənilir.
Surxay Əliyev