Ukrayna ABŞ-la bağlanacaq sazişin şərtlərini açıqlayıb - Baş nazir bir-bir sadaladı...

Ukrayna hökuməti təbii ehtiyatlar üzrə gələcək Saziş çərçivəsində ABŞ-la İnvestisiyaların Bərpası Fondunun yaradılması haqqında sazişin imzalanması üçün zəruri olan qərarlar qəbul edib. Bu barədə Ukraynanın Baş naziri Denis Şmıqal mətbuata açıqlamasında bildirib. Qeyd olunur ki, bu Fond 50/50 prinsipi əsasında yaradılır. Ukrayna dövləti də təbii sərvətlərə tam nəzarəti özündə saxlayır. Üstəlik, saziş ölkənin Avropaya inteqrasiya hərəkatını yavaşlatmamalıdır. Ukrayna hökumətinin başçısı bu sazişin əsasında duran beş əsas prinsipi sadalayıb:
Bərabərlik: İnvestisiya fondu 50/50 əsasında yaradılır və hər iki tərəf bərabər səs hüququna malikdir.
Nəzarətin saxlanması: Ukrayna yerin təki, infrastruktur və təbii ehtiyatlar üzərində tam nəzarəti özündə saxlayır.
Borclar deyil, yeni investisiyalar: Saziş Ukrayna tərəfdən heç bir borc öhdəliyini nəzərdə tutmur.
Zəmanətli İnvestorlar və Alıcılar: Fond layihələrə sərmayə qoyacaq və məhsulların kommersiya məqsədli alınmasına zəmanət verəcək.
Avrointeqrasiya kursuna uyğunluq: Saziş Ukraynanın Avropa Birliyinə üzvlük əldə etməsinə maneə yaratmayacaq.
Baş nazir onu da qeyd edib ki, İnvestisiya Fondu ABŞ və Ukraynanın töhfələri ilə doldurulacaq. Fondun mənfəəti yalnız Ukraynaya yenidən investisiya ediləcək.
Mətləb Salahov