"Azərbaycan I Avropa Oyunlarında Olimpiya Oyunları ab-havasını yaratmağa nail oldu". Bunu Trend-ə almaniyalı badmintoçu Diter Domke deyib. Onun sözlərinə görə, Oyunların açıllş mərasimi möhtəşəm oldu: "Özümü olimpiadadakı kimi hiss edirəm".
Azərbaycanda ilk dəfə olduğunu deyən idmançı qeyd edib ki, Bakı çox xoşuna gəlib: "Ümid edirəm ki, Bakıya yenə gələcəyəm. Bura çox gözəldir".
D.Domke Oyunlarda yüksək nəticə göstərəcəyinə ümid etdiyini vurğulayıb.
Dünyada Bakı Su İdmanı Sarayı kimi gözəl idman obyekti azdır
"Bakı Su İdmanı Sarayında atletlər üçün çox gözəl şərait yaradılıb. Dünyada belə gözəl idman obyekti azdır". Bunu üzgüçülük üzrə Moldova komandasının məşqçisi Yevgeni Karabetki deyib.
Onun sözlərinə görə, I Avropa Oyunları ötən il Nankində yeniyetmələr arasında keçirilmiş olimpiadanı üstələyir: "Burada təşkilati işlər daha yüksək səviyyədədir".
Məşqçi bildirib ki, Atletlər kəndində idmançılar üçün yaxşı şərait yaradılıb: "Nəqliyyatın işi yaxşı təşkil edilib. Bizi yarışlara yubandırmadan aparıb gətirirlər"
Buna görə təəssüflənəcəklər
Estoniya komandasının məşqiçis Oleq Labzin deyib ki, I Avropa Oyunlarına gəlmək istəməyənlər sonradan təəssüflənəcəklər ki, bu fantastik idman tədbirində olmayıblar. Onun sözlərinə əsasən, Estoniyanın bir çox məşqçisi bu fikirdədir.
O.Labzin qeyd edib ki, Bakı Olimpiya Oyunlarını da qəbul etməyə hazırdır: "Atletlər kəndində hər şey yüksək səviyyədə təşkil edilib. Azərbaycan mətbəxinin yeməkləri çox ləzzətlidir.
Məşqçi ilk dəfə olduğu Bakı barədə fikirlərini də bölüşüb: "Biz Bakını gəzdik, İçəri şəhərdə olduq. Təəssüratlar çox yaxşıdır. Buradakı insanlar mehriban və ünsiyyətcildir. Hər şey çox xoşumuza gəldi".
Bakıda müasir idman obyektləri tikilib
Bakıda müasir idman obyektləri tikilib. Bunu I Avropa Oyunlarında iştirak edən Xorvatiya komandasının üzvü Domaqoy Zaets deyib.
O bildirib ki, Bakıdakı idman obyektləri o qədər yaxşıdır ki, ölkə hətta Olimpiya Oyunlarını qəbul etməyə hazırdır: "I Avropa Oyunları yaxşı təşkil edilib və idmançılar üçün əla şərait yaradılıb".
D.Zaets əlavə edib ki, Bakıya yarışlarda iştirak etmək üçün yenidən gəlmək istərdi: "Dostlarıma Bakıya gəlməyi tövsiyə edəcəyəm".
I Avropa Oyunları Olimpiya Oyunlarına bənzəyir
Çexiya komandasının üzvü Yakub Meloun isə deyib ki, I Avropa Oyunları təşkil edilməsinə və digər parametrlərinə görə Olimpiya Oyunlarına bənzəyir. O bildirib ki, fikrimcə, Azərbaycan Olimpiya Oyunlarını qəbul etməyə hazırdır, atletlər kəndində idmançılar üçün yaradılmış şərait isə olduqca gözəldir.
Y.Meloun qeyd edib ki, Bakı çox xoşuna gəlib: "Paytaxtınız turistləri cəlb edən füsunkar şəhərdir. Bakıya yenidən yarışlarda iştirak etmək üçün gəlmək istərdim".
Avropa Oyunları yüksək səviyyədə təşkil olunub
I Avropa Oyunlarında hər şey yüksək səviyyədə təşkil olunub. Bu barədə Sloveniya komandasının nümayəndəsi Tomaz Torkar deyib. O bildirib ki, gördüyü bütün obyektlər, hovuzlar və Atletlər kəndi, Olimpiya Oyunları da daxil olmaqla daha böyük miqyaslı tədbirləri qəbul etməyə hazırdır: "Nəqliyyat, hovuzlar, obyektlər – hər şey möhtəşəmdir. Əla şərait var, ona görə burada digər yarışları səbirsizliklə gözləyirəm”.
T.Torkar həmçinin Bakının gözəlliyi barəsində də danışıb: "Bakı turistləri cəlb edir. Düşünürəm ki, insanlar bura gəlib, həzz ala bilərlər”.