I Avropa Oyunları Azərbaycan xalqının qonaqpərvərliyini əyani şəkildə nümayiş etdirir. Bu barədə Trend-ə I Avropa Oyunları çərçivəsində Türkiyəni üzgüçülük yarışlarında təmsil edən Erkan Mutlu deyib.
O bildirib ki, bu, Türkiyənin üzgüçülük komandasının Azərbaycana ilk səfəridir: "Bakı ilə yaxından tanış olmağa imkanımız olmadı. Buna baxmayaraq, ilk təəssüratımız şəhərin çox gözəl olduğunu deyir”.
Alman idmançı…
"Azərbaycan birinci Avropa Oyunlarını Olimpiya Oyunları səviyyəsində təşkil edib. Heç bir problem müşahidə olunmur. İstər Atletlər kəndi, istərsə də idman arenaları Olimpiya səviyyəsindədir. Mən burada olmaqdan çox şadam". Bunu Avropa Oyunlarında qılıncoynatma yarışlarında iştirak edən alman idmançı Britta Heidemann deyib.
B.Heidemann bildirib: "Mən burada özümü Olimpiya Oyunlarının mühitində hiss edirəm. Mən buraya gəlmək barədə qərar verdiyimə görə də bu gün çox sevinirəm".
O qeyd edib ki, birinci Avropa Oyunları qılıncoynatma üzrə Avropa Çempionatı ilə dünya çempionatı arasında keçirilir: "Yəni Avropa Oyunlarının vaxtı bizim üçün çox yaxşı seçilib. Ümumiyyətlə, Avropa Oyunlarını keçirmək ideyası özü çox yaxşı bir ideya idi. Bu idmançılar üçün böyük təcrübədir. Eyni zamanda, burada güclü idmançılar iştirak edir".
Sabah isə Bakı turu həyata keçirmək niyyətindəyəm.
Azərbaycana ilk səfərinin olduğunu deyən alman idmançı ölkəmizi çox bəyəndiyini deyib: "Bura gəlməzdən əvvəl insanlarınızın necə olduğu haqqında təsəvvürüm yox idi. Ancaq gördüm ki, insanlar çox mehriban, qonaqpərvərdirlər, daim sənə komək etməyə çalışırlar. Azərbaycana ilk qədəm basdığımdan özümü çox yaxşı hiss etməyə başladım".
Ermənistanlı rəqibim üzərində qələbədə azərbaycanlı azarkeşlərin payı çox yüksəkdir
Ermənistanlı rəqibim üzərində qələbədə azərbaycanlı azarkeşlərin payı çox yüksəkdir. Mən gözləmirdim ki, onlar məni belə alqışlayar, dəstəkləyərlər. Hamısına təşəkkür edirəm. İndi mənim həm də əlavə stimulum var ki, arxamda belə azarkeş ordusu var.
Bunu isə Avropa Oyunlarının boks yarışlarında yüngülvari (52 kq) çəkidə Ermənistan təmsilçisi Narek Abqaryanı 1/4 finalda məğlub edən Slovakiya boksçusu Viliam Tanko deyib.
V.Tanko görüşün onun üçün çox çətin keçdiyini deyib: "Rəqibim güclü idi. Əslində qələbə qazanacağımı gözləmirdim. Boyu balaca idi, ona görə də mən məsafədən döyüşməli olurdum. Bu da məni əlavə fiziki qüvvə sərf etməyə məcbur edirdi. Amma döyüşdə diktə edən tərəf mən oldum və qələbə qazandım”.
Slovakiyalı idmançı Bakı 2015 birinci Avropa Oyunlarındakı təşkilatçılıq işlərinin səviyyəsi barədə də fikirlərini bölüşüb: "Qatıldığım digər çempionatlarda, turnirlərdə hələ belə təşkilatçılıq görməmişəm. Burada hər şey yüksək səviyyədədir. Xüsusilə Bakıda adamların mehribanlığı, bizə yardım etmələri mənə çox xoş gəlir”.
I Avropa Oyunlarının idmançıları üçün yaxşı şərait yaradılıb
I Avropa Oyunlarının idmançıları üçün Atletlər kəndində yaxşı şərait yaradılıb. Bunu Andorra komandasının nümayəndəsi Serxio David Royo Karmona deyib.
O, Oyunların yaxşı təşkil edildiyini bildirib. Andorralı nümayəndə Bakıya heyran qaldığını da vurğulayıb: "Bakı çox gözəl şəhərdir".
Bosniyalı idmançı…
Bəzi qərb siyasətçiləri və təşkilatları I Avropa Oyunlarının ünvanına tənqid səsləndirir, bu idman tədbiri tənqidə layiq deyil. Bu barədə I Avropa Oyunları çərçivəsində Bosniya və Herseqovinanı yüngül atletika yarışlarında təmsil edən Stefani Vukayloviç deyib.
O bildirib ki, indi Avropanın da qitə yarışlarının olması çox yaxşı haldır: "Bu, yeni təcrübə və Avropa idmançıları üçün daha bir mübarizədir”.
İdmançı I Avropa Oyunlarını çox bəyəndiyini və növbəti Oyunlarda da iştirak etmək istəyini dilə gətirib.
S.Vukayloviç Bakıda I Avropa Oyunlarının yüksək səviyyədə təşkil olunduğunu bildirib: "Yarış meydanları da daxil olmaqla, hər şey yüksək səviyyədə təşkil olunub”.
İdmançı paytaxtımızı çox bəyəndiyini də söyləyib: "Şəhər turumuz oldu. Bakının gözəlliyinə heyran oldum”.
Alman gimnastı…
Bakı çox gözəl və qonaqpərvər şəhərdir. Bu barədə I Avropa Oyunlarında Almaniyanı təmsil edən gimnast Darya Sayfutdinova deyib.
O bildirib ki, Azərbaycan ilk Avropa Oyunlarında idmançılar üçün mükəmməl şərait yaradıb: "Bura çox xoşumuza gəlir. Atletlər kəndində gözəl ab-hava var. Yarışlar maraqlı keçir. Bakıda olmağımıza çox şadıq”.
Avropa Oyunlarının qiymətləndirilməsində birinci yerdə idman olmalıdır
İdman insanlara sülh bəxş edir. Bu barədə Bakıda I Avropa Oyunlarında Maltanı yüngül atletika yarışlarında təmsil edən Antoniella Çouxal deyib.
İdmançı qeyd edib ki, ilk Avropa Oyunlarının qiymətləndirilməsi zamanı idmanı birinci yerə qoymaq lazımdır.
A.Çouxal həmçinin Bakıda I Avropa Oyunlarının yaxşı təşkil edildiyini bildirib.
IAvropa Oyunlarını təşkil etmək böyük ideya idi
"Birinci Avropa Oyunlarını təşkil etmək böyük bir ideya idi. Bu, idmançılara öz bacarıqlarını göstərmək, təcrübə qazanmaq üçün böyük bir şansdır. Ümid edirəm ki, bu Oyunlar davam edəcək". Bunu Luksemburqdan olan qılıncoynadan Lis Fauç deyib.
O bildirib ki, Azərbaycan bu Oyunları çox yüksək səviyyədə təşkil edib: "Hətta deyərdim ki, Olimpiya səviyyəsində təşkil edib. Burada özünü Olimpiya Oyunlarındakı kimi hiss edirsən. Mən də bu Oyunlarda iştirak etdiyimə görə çox sevinirəm".
L.Fauç Avropa Oyunlarında ən güclü idmançıların iştirak etdiyini diqqətə çatdırıb: "Burada Avropanın ən yaxşı idmançıları, o cümlədən Olimpiya və dünya çempionları iştirak edir, güclü rəqabət var. Qələbə qazanmaq olduqca çətindir".
Azərbaycana birinci dəfə gəldiyini söyləyən L.Fauç ölkəmizi, Bakını çox bəyəndiyini bildirib: "Bakı gözəl şəhərdir, buranı çox bəyəndim. Hələ şəhəri çox gəzməyə imkanım olmayıb. Atletlər kəndindən Bakının gözəl mənzərəsi görünür. Sabah Bakını gəzmək və Azərbaycanın milli xörəklərinin dadına baxmaq istəyirəm".
L.Fauç eyni zamanda Bakı Kristal Zalının çox möhtəşəm bir arena olduğunu vurğulayıb.
Azərbaycan I Avropa Oyunlarını yaxşı təşkil edib
"Yaxşı ki, Azərbaycan "Bakı 2015” ilk Avropa Oyunları kimi idman tədbiri təşkil edib”. Bu barədə Avstriyanı I Avropa Oyunlarında yüngül atletika idman növündə təmsil edən Yuliya Siart deyib.
İdmançı siyasətçilərin və hüquq müdafiə təşkilatlarının Avropa Oyunlarını tənqid etmələri ilə bağlı məsələyə münasibət bildirməkdən imtina edib: "Bu sahədə ekspert deyiləm. Bununla yanaşı, hesab edirəm ki, insanların bir yerə toplaşması, belə bir tədbir təşkil etməsi və idmançıların bir-biri ilə mübarizə aparması çox yaxşı haldır”.
Y.Siart bildirib ki, Bakıda I Avropa Oyunları yaxşı təşkil olunub: "Hər şey – məşqlər, yarışlar cədvəl üzrə gedir”.