19/11/2019 16:29
728 x 90

Məişət zorakılığından əziyyəti ən çox bu rayonların qadınları çəkir

Aytəkin Kamranqızı: “Qadınlara qarşı məişət zorakılığı bütün Azərbaycan ərazisində yayılmış problemdir”

img

“Bölgələrdə yaşayıb zorakılığa məruz qalan qadın evini tərk edərsə onun başına ağsaqqallar yığışır, məsləhət verirlər ki, vəziyyətə dözməlidir, nəticədə isə…”

 

Zaman-zaman qadınlara qarşı zorakılıq halları baş verir. Şiddətə məruz qalan, döyülən, söyülən, heç bir hüquq və haqlara sahib olmadığı deyilən qadınlara əvvəllər daha çox rast gəlinirdi. Amma təəssüf ki, indi də belə neqativ hallar yaşanır.  Xüsusilə son günlərdə şiddətə uğrayan xanımların sayı çoxalmaqdadır.

Məişət zorakılığından əziyyət çəkən qadınların daha çox hansı bölgələrdən olduğu açıqlanıb. Məlumatlara görə, Balakən, Füzuli, Lerik, Naftalan, Xızı rayonlarından olan qadınlar daha çox məişət zorakılığının qurbanı olur.

Sosioloq Aytəkin Kamranqızı bildirir ki, qadınlara qarşı məişət zorakılığı bütün Azərbaycan ərazisində yayılmış problemdir. Düzdür, bu faktor Bakı ilə müqayisədə daha çox bölgələrdə özünü göstərir: “Qadınlar təkcə ərləri tərəfindən deyil, həm də digər ailə üzvləri tərəfindən də, o cümlədən, qardaş, qayınana və qayınata, baldız tərəfindən də zorakılığa məruz qalır. Bu zorakılıq təkcə fiziki deyil, həm də iqtisadi, psixoloji zorakılıq qismində olur”.

Həmsöhbətimiz onu da vurğladı ki, qadınların zorakılığa məruz qalması, intihar etməsi daha çox bölgələrdə qeydə alınır: “Özünə qəsd edən qadınların problemi əksər hallarda eyni olur. Bölgələrdə yaşayıb zorakılığa məruz qalan qadın evini tərk edərsə onun başına ağsaqqallar yığışır, məsləhət verirlər ki, vəziyyətə dözməlidir. Qadını məcburi şəkildə təzədən həyat yoldaşının evinə qaytarırlar. Sonda valideynləri tərəfindən dəstək görməyən qadın ərindən qorxduğu üçün polisə şikayət edə bilmir. Nəhayət, özünə qəsd edir”.

Sosioloqun sözlərinə görə, regionlarda olan qadınların savad və intellekt dərəcəsi aşağıdır, eləcə də ağır kənd təsərrüfatı işlərinin və məişət problemlərinin çox olması bu məsələyə şərait yaradır. Qadın hüquqlarının qorunması, artması hər zaman şəhərdə üstünlük təşkil edib: “Şəhər qadınları adətən bir az savadlı olur, əksəriyyəti isə işləyir. Bir var idarədə, zavodda, fabrikdə işləyəsən, bir də var kənd təsərrüfatında ağır işlə məşğul olasan. Bu özü qadını sıxan, əzən prosesdir. Üstəlik kənddə yaşayanların intellektual səviyyəsi, şəhərdə yaşayanlarla eyni olmur. Kənddə yaşayan ailələrin səviyyəsi də şəhərdəki kimi deyil. Bunlar hamısı şərait yaradır ki, güclü gücsüz üzərində hökmranlıq etsin”.

Günel CƏLİLOVA

Son xəbərlər