19/11/2019 16:57
728 x 90

Uşaqlara siqaret satanların cəriməsi 1000 manat…

Könül Vaqifqızı: “Azyaşlılara siqaret satanlar 1000 manat dəyərində cərimələnərsə dükan və köşk sahibi növbəti səfər məktəbliyə siqaret satmaz”

img

Siqaretin insan bədəninə vurduğu ziyan illərdir həkimlərin araşdırma obyektinə çevrilib və sağlam bədəndə yaratdığı fəsadlar ictimaiyyətə daim açıqlanır. Hələ böyüklərdə xərçəng xəstəliyinə gətirib çıxaran siqaretin uşaqlara vurduğu ziyanı təsəvvür etmək belə mümkün deyil. Azərbaycanda istənilən mağazada azyaşlı uşaqlara siqaretin satışı qanunla qadağan edilib. Amma təəssüflər olsun ki, bəzi köşklərdə uşaqlara siqaret rahatlıqla satılır.

Azyaşlılara siqaret satanların 500-1000 manat civarında cərimələnməsi təklif olunur.

Qeyd edək ki, Rusiya Daxili İşlər Nazirliyi azyaşlı uşaqların tütün məmulatlarından istifadəsinin qarşısını almaq məqsədilə növbəti dəfə yeni addım atmaq qərarına gəlib. Belə ki, yeni təklifə görə siqaret çəkməyə başlayan uşaqların valideynləri iki min rubla qədər cərimələnə bilər.

Milli Məclisin deputatı Araz Əlizadə hesab edir ki, ölkəmizdə qəbul olunan “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanundakı cərimələr artırılmalıdır:  “Bizim qəbul etdiyimiz qanun çox normaldır. Amma yeganə etirazım sulu qəlyanın tamamilə ləğv olunmasıdır. Ümumiyyətlə, qanunun həyata keçirilməsi üçün ciddi şəkildə nəzarət olmalıdır. Qanun yaxşı olsa belə, ona riayət edilməməsi zamanı onun heç bir mənası yoxdur. Fikrimcə, qanun qəbul edildiyi zaman çox yüksək cərimələr nəzərdə tutulmalı idi. Çünki məktəblərin yanında siqaretlər satılır, siqaretlərin reklamı gedir, restoranlarda siqaret çəkirlər. Ona görə də iki min rubl bizim üçün heçnədir. Elə cərimələr olmalıdır ki, qiymətlər satıcılara, restoran sahiblərinə xeyir gətirməsin. Məsələn, məktəbin yanında satılan siqaretə görə satıcılar təxminən 500-1000 manat cərimə edilməlidir. O zaman o satıcının qəpiklərdən qazanması belə ağlına gəlməyəcək”.

Ekspertlər də azyaşlılara siqaret satanların cuzi məbləğdə deyil, yüksək məbləğdə cərimələnməsinin tərəfdarıdır. Psixoloq Könül Vaqifqızı bizimlə söhbətində bildirdi ki,  azyaşlılara siqaret satılması onların hüququnun kobud şəkildə pozulmasıdır: "Köşklərdə siqaretin azyaşlı uşaqlara satılması anormaldır. Bir sıra ölkələrdə uşaqlara siqaret və ya enerji içkisi satılarkən ilk öncə ona istədiyi məhsul verilmir, daha sonra ondan sənəd tələb olunur. Analoji qayda bizdə də tətbiq oluna bilər”.

Həmsöhbətimiz onu da vurğuladı ki, azyaşlılara siqaret satanlar 1000 manat dəyərində cərimələnərsə dükan və köşk sahibi növbəti səfər məktəbliyə siqaret satmaz.

Günel CƏLİLOVA

Son xəbərlər