Lerikdə ictimai nəqliyyat problemi—uzun illərdir bu işlə maraqlanan yoxdur

Açığını deyim ki, respublikamızın belə bir sürətli inkişaf mərhələsində Lerik rayonun əksər kənd əhalisi son illər yaranmış problemlərin qarşısında acizdir.
Çıxış yolunu baş götürüb buralardan getməkdə görürlər. Bunun da əsas səbəbi rayon rəhbərlərin özbaşınalığı, tutduğu vəzifə səlahiyyətlərini aşaraq “yedddi arxa dönəninə” külli miqdarda var-dövlət toplamaq hərisliyidir. İndiyə qədər olmayıb ki, rayon rəhbərliyi rüşvətsiz kiminsə haqlı şikayətinə əncam etsin. Kimin adamı vəzifədədir, həmin kəs, əyri yollarla olsa da, yaşaya bilir.
Lerikdə hər günün öz çətinlikləri var. Dövlətin insan amili ilə bağlı verdiyi qərar və fərmanlar məmur özbaşınalığı üzündən burada sadə adamların həyatına təsir etmir. Bütün bunlar bir yana qalsın, indi kəndlərdən rayon mərkəzinə getmək hər adamın işi deyil. Çünki mərkəzdən rayonun kəndlərinə ictimai nəqliyyat yoxdur. Sovet vaxtı kəndlərə işləyən 26 saylı avtobus marşrutu da bağlanıb. Adamın inanmağı gəlmir ki, Azərbaycanda ikinci belə bir rayon olsun. Çox sağ olsun dövlət başçımız ki, Lerikin əksər kəndlərinə rahat asfalt yolları çəkilib. Lakin rayonda olan hərc-mərclikdən istifadə edən ara sürücüləri yol sarıdan yenə adamları girinc vəziyyətə salıblar. Hazırda vacib işdən ötrü Lerik kəndlisinə rayon mərkəzinə gedib-gəlmək 20 manata başa gəlir. Halbuki, ictimai nəqliyyat olsa, bu işdən ötrü cəmi 2 manat xərcləyər.
Hələlik əhalinin narazılığı rayon yiyələrini narahat etmir. Onların kefləri o qədər kökdür ki, camaat yadlarına düşmür. Amma yəqin ki, bunun da sonu gələr...
Zəfər ORUCOĞLU
Azərbaycan Jurnalistlər Birliyinin üzvü