19/10/2019 22:23
728 x 90

0-13 yaşlı uşaqlarımızda sifilis hardandır…

Fərqanə Əliyeva: “Uşaqlar arasında sifilis xəstəliyi əsasən anadangəlmə olur”

img

Nikaha daxil olmaq istəyən şəxslərin icbari tibbi müayinədən keçməsini nəzərdə tutan qərar ölkədə tüğyan edən yeni sosial bəlanın aşkara çıxmasına vəsilə oldu. Bəlli oldu ki, genefond üçün birbaşa təhlükə hesab edilən sifilis xəstəliyinə yoluxma halları artır.

Məlumat üçün bildirək ki, sifilis cinsi yolla keçən xəstəlikdir. Xəstəlik daxili orqanlara, ürəyə təsir etməklə yanaşı, sonsuzluğa da səbəb olur. Onun hətta anadan dölə keçmə ehtimalı da yüksəkdir.

Sifilis xəstəliyinə yoluxanların sayı günü-gündən artır.Açıqlanan statistik rəqəmlərə əsasən, 2018-ci ildə ölkə üzrə sifilis diaqnozu ilə ilk dəfə qeydə alınan xəstələrin sayı 981 nəfər olub. Adıçəkilən xəstəliyə yoluxanlar arasında uşaqlar da var. Qeyd olunur ki, 0-13 yaş qrupu üzrə 20 nəfər bu xəstəliyə tutulub. Onlardan 15 nəfəri kişi, beşi isə qadındır.

14-17 yaş qrupları üzrə isə iki qadında bu xəstəlik qeydə alınıb. Bu yaş qrupu üzrə kişilərdə xəstəlik olmayıb.

Sifilis xəstəliyi əsasən böyüklərdə daha çox qeydə alınırdı. Uşaqlar arasında sifilis xəstəliyinin yayılmasının səbəbi nə ilə bağlıdır?

  • “Sifilisin müalicəsi ilə birbaşa dəri-zöhrəvi həkimləri məşğul olmalıdırlar”

Həkim-dermatoloq Fərqanə Əliyeva bildirdi ki, uşaqlar arasında sifilis xəstəliyi daha çox anadangəlmə olur: “Məlumat üçün bildirim ki, xəstəlik ilk 3 il ərzində aşkar edilərsə, buna erkən anadangəlmə sifilis, 13 yaşa qədər müəyyən olunarsa, buna gecikmiş anadangəlmə sifilis deyilir. Ancaq son zamanlar daha çox xəstəliyin gizli formaları qeydə alınır. İlk dövrlər sifilis əlamətləri hiss edilmir və xəstəlik təsadüfi olaraq aşkara çıxır”.

Həmsöhbətimiz onu da vurğuladı ki, 12-13 yaşında şəxslər cinsi əlaqə zamanı da sifilisə yoluxa bilər: “14 yaşdan yuxarı bu xəstəlik aşkar edilirsə, bunun səbəbi cinsi yolla yoluxmadır. Danılmaz faktdır ki, hazırda yeniyetmələr arasında cinsi fəaliyyət dövrü daha tez başlayır və bu cür xəstəliyə yoluxma halları da qeydə alınır”.

F.Əliyevanın sözlərinə görə, uşaqlar arasında sifilis xəstəliyinin qeydə alınması səbəblərindən biri də eyni xəstəlikdən əziyyət çəkən ananın uşağına süd verməsidir. Eyni zamanda, xəstəlik daşıyıcısı körpə uşağı öpərsə, bu yolla da uşaq sifilisə yoluxa bilər.

Həkim-ekspert bildirdi ki, sifilis daxili orqanlara, ürəyə, aorta damarına təsir edir: “Sifilisə yoluxanlar məcburi müalicə olunmalıdırlar. Sovet dövründə xəstəlik aşkarlananda onun mənbəyi araşdırılırdı, kontaktda olduğu şəxslər, ailə üzvləri yoxlanılırdı. İndi isə özəl klinikaların əksəriyyəti sifilisi, qonoreyanı müalicə etdiyini bildirir. Amma xəstəliyin necə müalicə olunduğu, müraciət edənlərin statistikası açıqlanmır. Nəticədə statistik məlumatlar itir. Statistika isə xəstəliyin güzgüsü hesab olunur. Mütəxəssis olmayan şəxslər xəstəliyə düzgün yanaşmırlar. Sifilisin müalicəsi ilə birbaşa dəri-zöhrəvi həkimləri məşğul olmalıdırlar. Bəzən həyat yoldaşının səhvi ucbatından sifilisə yoluxan qadın həkimə müraciət etməyə çəkinir. Türkəçarə və ya ara həkimlərinə müraciət edirlər. Bu isə çox zaman tək qadına deyil, eyni zamanda, onun uşağına da tısir edir. Buna görə də təbliğat aparmaq lazımdır”.

Günel CƏLİLOVA

Son xəbərlər